Bugün Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın və İctimai Nəzarət mərkəzinin təşkilatçılığı ilə "Böyük qayıdış və yurdlara dönüş" mövzusunda ictimai müzakirə keçirilib.
Müzakirədə BAMF-ın Prezidenti Umud Mirzayev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Prezidenti Sabit Bağırov, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Qaçqınkom rəsmisi Sənan Hüseynov, Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti Məhəmməd Qulam Bouba və digər rəsmi nümayəndələr iştirak edib.
Ednews xəbər verir ki, tədbirdə vətən uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni Ali Baş Komandanımız İlham Əliyevin mütərəqqi siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini deyib.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev "Böyük Qayıdış",-ın əhəmiyyətindən danışıb.
"Çox şükürlər olsun ki, nisgilli günlərimiz geridə qaldı. Bir zamanlar xəyal olan yurda dönüşümüz artıq reallaşıb. Hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparılır. Qeyd edim ki, Qaçqın və Məcburi köçkünlərlə bağlı müvafiq qurumlar, təşkilatlar da səfərbər olunub",-deyə o, bildirib.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Prezidenti Sabit Bağırov yüzlərlə məcburi köçkün və qaçqınlarla görüşlərin təşkil edildiyini bildirib.
O, həmçinin, geriyə qayıtmaq istəyənlərin sayının həddən artıq çox olduğunu, 100 mindən çox qaçın və məcburi köçkünlərin öz yurdlarında yenidən yaşamaq istədiklərini vurğulayıb.
"Qaçqınkom" rəsmisi Sənan Hüseynov bugün Ağalı kəndinə 25 nəfər ailənin köçürüldüyünü vurğulayıb. O, Zabux və Sus kəndlərinin əhalisi ilə də təşkil olunan görüşlər barədə məlumat verib.
Tədbir zamanı azad olunan ərazilərin ermənilər tərəfindən minalanması məsələsinə də toxunulub. Belə ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov azad olunan torpaqların ərazilərinin hələ də təhlükəli olduğunu bildirib. O, Şuşadakı su problemi və azad olunmuş ərazilərdəki kommunikasiya məsələlərinə də toxunub.
BAMF prezidenti Umud Mirzəyev xüsusi bələdçi olmadan rayonlara getməyin təhlükəli olduğunu vurğulayıb.
Müzakirədə iştirak edən ANAMA nümayəndəsi, işğaldan azad olunan ərazilərə yenidənqurma ilə bağlı yönləndirilən işçilərin də xüsusi təlimlərdən keçdiyini deyib. O, həmçinin 210 mln kvadrat metrə yaxın ərazinin minadan təmizləndiyini deyib.
Nəzrin Beydiyeva