“Günahkar cəzalandırılmalıdır” - 13 yaşında ana olan qıza ictimai şəxslərin münasibəti - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

“Günahkar cəzalandırılmalıdır” - 13 yaşında ana olan qıza ictimai şəxslərin münasibəti

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi Bakıda 13 yaşlı qız ana olub. Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.

Ednews mövzunun ciddiyətini nəzərə alaraq ictimai şəxslərin hadisəyə münasibətini öyrənib. Cavabları təqdim edirik:

Millət vəkili Aqil Abbas:

“Faciədir. Bundan artıq söz tapa bilmirəm. Hadisə araşdırılmalı, günahkar tapılmalı və cəzalandırılmalıdır. Valideynləri qızla vaxtında məşğul olmalı idilər”.

Xalq yazıçısı Elçin Əfəndiyev:

“Bu dəhşətli, ağlasığmayan, anormal bir hadisədir. Bundan sonra qızın və uşağın gələcək həyatı üçün hər kəs məsuliyyət daşımalıdır”.

“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa:

“Problemlərin kökündə insanların psixoloji problemləri və təhsilsizlik durur. Cəza verməklə problemləri həll etmək mümkün olmayacaq. Cəza verilən şəxslərə də psixoloji dəstək olmalıdır. Onlar müalicə olunmadıqca aqressiyaları daha da artacaq və bu cür hadislər çoxalacaq.

13 yaşlı qızın ana olmağı onun valideynləri ilə arasında olan boşluqdu. Uşaqlar mənəvi dəstəkdən, sevgidən geri qaldıqca bu kimi hallar yenə baş verəcək. Ola bilər ki, qızın anası da uşaqlıqda bu travmanı yaşayıb. Öz övladına yaşadır. Bu qız ömürlük travma aldı. Mütləq şəkildə müalicə olunmalıdır. Travmalar üst-üstə gəldikcə bu hadisələr daha da pisləşəcək. Çünki bir travmanın həllinə çatmamış, növbəti pis bir hadisə onun üzərinə gəlir. On minlərlə xanımın ailə problemlərini bilən biri kimi deyərdim ki, ailələrdə çox problem var, bunların da hamısı uşaqlıqdan gələn travmların nəticələridir. Heç biri uşaqlıqda müalicə olunmayıb. Qlobal problemlər, maddi imkansızlıqlar insanların əsəblərinə, ailə münasibətlərinə təsir göstərir. Nə qədər ehtiyacımız olsa da uşaqdan segimizi əsirgəməməliyik. Bir ana uşağının gözündə kədəri görə bilmirsə onlar arasında ünsiyyət çoxdan itib. Bu problemi yaşayan hər kəs müalicə olunmalıdır”.

Psixoloq Günel Aslanova:

“Baş verənlər bir uşağın həyat hekayəsini dəyişəcək qədər dəhşətli və faciəvidir. Belə halda kompleks müdaxilə zəruridir. Həm tibb, həm psixi sağlamlıq, həm də sosial iş üzrə mütəxəssislərin birgə fəaliyyəti sayəsində uşağa dəstək olmaq mümkündür. Təcavüzün, hamiləliyin onun fiziologiyasına olan neqativ təsiri və ola biləcək fəsadlarını qaldırmaq üçün tibb mütəxəssisləri, travma ilə işləmək üçün psixi sağlamlıq mütəxəssisləri, uşağın bundan sonrakı həyatını planlaşdırmaq üçün zəif əhali qrupu ilə işləyən sosial iş mütəxəssislərinin birgə komanda işi müsbət nəticə verə bilər”.

Hüquqşünas Şamil Paşayev:

“Zorlanma cinayətinin obyekti qadındır. Zorlama hədə-qorxu ilə, zorakılıq göstərməklə və yaxud köməksiz vəziyyətdən istifadə etməklə onunla cinsi əlaqədə olmaqdır. Şəxsin 13 yaşı varsa o, öz cinsi istəyini itirmək iqtidarında deyil. Onunla olan əlaqə yetkinlik yaşına çatmadığına görə, fərdi psixoloji durumu o səviyyədə olmadığına görə, müvafiq məhkəmə psixoloji ekspertiza keçirildikdən sonra da zorlama kimi qəbul edilə bilər. Həmin şəxsin köməksiz vəziyyətdə olması amili 149.3.3-cü maddə ilə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır”. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...