Ağdamda gördüyüm evlərin, sosial infrastrukturun dağıdılması, məhv edilməsini başqa heç yerdə görməmişəm, belə vəhşilikləri heç bir yerdə eşitməmişəm.
Ednews Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçısı olan Pakistanın əyalət ombudsmanı Nəzər Məhəmməd Ağdama səfər zamanı deyib.
O bildirib ki, Ermənistan tərəfindən hər yer dağıdılıb, minalanıb, sivil insanların məhvinə yönəlmiş bütün qeyri-insani, beynəlxalq humanitar hüquq normalarına zidd olan əməllər törədilib.
"Mən beynəlxalq təşkilatlara, eyni zamanda, digər müsəlman ölkələrinə də müraciət edəcəm ki, bu məsələlər dünya ictimaiyyətinə çatdırılsın. Həmçinin, bu yenidənqurma işində Azərbaycana dəstək olmaq üçün müəyyən biznes strukturlarını da dəvət edəcəyik. Azərbaycan xalqı mərd və qəhrəman xalqdır, öz torpaqlarını işğaldan azad edib və həmin torpaqları yenidən qurub inkişaf etdirəcək. Biz bu prosesdə Azərbaycanın haqq mövqeyinin yanındayıq", - deyə o qeyd edib.