Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Əl-Cəzirə” Media Şəbəkəsinin təşkil etdiyi "Jurnalistlərin Təhlükəsizliyi və Jurnalistlərə qarşı Cinayətlərə görə cəzasızlığa son qoyulması. Çağırışlar və Gələcək Gözləntilər" mövzusunda beynəlxalq Simpoziumda iştirak edib.
Ednews xəbər verir ki, U.Mirzəyev Qətərin Doha şəhərində keçirilən tədbirdə məruzəçi qismində çıxış edib. Bundan əlavə qurumun rəhbəri bir çox nüfuzlu şəxslərlə görüşləri barədə də məlumat verib.
“Ötən həftə Dohada Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzi tərəfindən "Jurnalistlərin Təhlükəsizliyi və Jurnalistlərə qarşı Cinayətlərə görə cəzasızlığa son qoyulması. Çağırışlar və Gələcək Gözləntilər" mövzusunda beynəlxalq Simpozium təşkil edilib. Tədbirdə dünyanın aparıcı Beynəlxalq Media Qurumlarının rəhbərləri, tanınmış ekspertlər, UESCO-nun, BMT-nin yüksək çinli məmurları iştirak ediblər. Simpozium “Əl-Cəzirə” Media Şəbəkəsinin Baş direktoru Mustafa Suaq açılış nitqi ilə öz işinə başlayıb.
Dəvətlilər arasında Beynəlxalq Mətbuat İnstitunun (BMİ) direktorlar şurasının sabiq sədri John Yearwood, BMİ-nin yeni icraçı direktoru Frane Maroevic, BJF idarə heyyətinin üzvü Omar Faruk Osman, eləcə də bu ilin may ayında qətlə yetirilən Əl-Cəzirə televiziyasının əməkdaşı Şirin Aklenin qardaşı Toni Abu Aklehlə maraqlı müzakirələrimiz baş tutub. Tədbirə qatılanların həmrəyliyi mövzunun aktuallığından, dünya jurnalistlərini ən çox ilgiləndirən məsələ olmasından xəbər verirdi. Qeyd olunanları nəzərə alaraq Simpoziumun əsas təşkilatçısı “Əl-Cəzirə” Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc və onun peşəkar komandasına sayqı və təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, simpozium Beynəlxalq İnsan Hüquqları Gününün qeyd olunması münasibətilə təşkil olunub.
Simpozium, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin nəzarəti ilə ölkələr arasında tərəfdaşlıq və həmrəyliyin inkişafını müzakirə etmək üçün effektli bir dialoqun başlamasının təmin olunmasına istiqamətlənib. BMT və müvafiq beynəlxalq təşkilatların müxtəlif müdafiə səyləri nəzərdən keçirilib. Digər tərəfdən, Forum Jurnalistlərin Müdafiəsi üçün Ümumdünya Bəyannaməsinin təşəbbüsünün informasiya azadlığı və jurnalistlərin müdafiəsini təşviq edən vahid beynəlxalq sistemin qurulmasının təməl daşı kimi göstərilməsinə xidmət edəcək.