Deputat Fəzail Ağamalı Cənubi Azərbaycandan soydaşlarımızın təhsilləri üçün dövlət büdcəsindən 5-10 milyon vəsaitin ayrılmasını təklif edib.
Ednews məsələ ilə bağlı Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ümid partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri Rəşad Bayramovun münasibətini öyrənib.
Asim Mollazadə cənublu soydaşlarımızın təhsil və digər hüquqlarının təmin edilməsini vacib hesab edib.
“Hesab edirəm ki, dünya azərbaycanlıların inkişafı, onların təhsil və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı müvafiq fond yaradılmalıdır. Yalnız bu fond çərçivəsində onların bir çox problemlərini həll etmək mümkün ola bilər. Bundan başqa, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində digər tədbirlər də görülməlidir”.
İqbal Ağazadə bu məsələ barədə mətbuata və ictimaiyyətə dəfələrlə açıqlamalar verdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünya azərbaycanlılarının hüquqlarının və azadlıqlarının təmin olunmasına mütləq sahib çıxmalıdır.
Rəşad Bayramov bildirib ki, Cənubi Azərbaycandan olan soydaşlarımızın mədəni və təhsil istiqamətində inteqrasiyası üçün ciddi addımlar atılmalıdır.
“Ölkədə cənubi azərbaycanlıların cəmiyyətimizə inteqrasiyasının dərinləşdirilməsinə ehtiyac var. Bunun təmin olunması üçün bir sıra lazımi tədbirlər görülməlidir. Bura ilk növbədə cənublu soydaşlarımızın ali təhsil müəssisələrimizdə pulsuz təhsil almalarına imkanların yaradılması, eləcə də azərbaycan əsilli mədəniyyət xadimlərinin ölkəmizdə keçirilən mədəni tədbirlərdə mütəmadi iştirakının təmin edilməsi və mədəniyyət sahəsində birgə işlərin görülməsi daxil olmalıdır. Bu kimi addımların atılması üçün müvafiq proqram olmalıdır”.
Yunis Abdullayev