Sahil bağında gəzişən Dostoyevski, oğlanı öpən qarı... - REPORTAJ - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Sahil bağında gəzişən Dostoyevski, oğlanı öpən qarı... - REPORTAJ

Cəmiyyət A- A A+

Ednews Oğuz Ayvazın “Sahil bağı”ndan yazdığı reportajını təqdim edir.

Payızın son akkordları qışın soyuğunu Bakıya tez gətirdi. Küçələrdə yiyəsiz küləyin, günəşin bir neçə gündü ağır yuxuya getdiyi vaxtda bəndəniz reportaj arxasınca şəhərə yollandım. Sahil bağına üz tutdum.

Sahil bağı, köhnə “26-lar komissarı” olan park. Bir vaxtlar bura Sovetin qalığı kimi görünürdü, indi isə tamam başqa bir qiyafə geyinib, ortadakı abidə götürülüb, fəvvarə quraşdırılıb, ətrafda ağaclar və skamyalar çoxalıb. Yeni insanlar üçün yeni bir park kimi gözə dəyir. Bakıda bəlkə də ən sakit yerdir Sahil bağı. Burada müxtəlif adamlar görə bilərsiniz: tələbələr, “qaqaşlar”, yazıçı və şairlər. Fəvvarə ilə üzbəüz, yolun o biri üzündə Azərbaycan Yazıçılar Birliyi, yanında Bəstəkarlar İttifaqı, Axundov kitabxanası, üzü yuxarıda isə Rəssamlar İttifaqı.

Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilib.

SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların meyitləri 1920-ci ildə parkın ərazisində dəfn olunmuşdular.

Bəzən bura mənə ada kimi görünür: dörd tərəfi yollarla əhatələnib. Suya həsrət fəvvarə, kölgəliyə ümidli gənclər, bağban, tualetin yanında əyləşən, müştəri gözləyən o yaşlı kişi, tez-tez bura ayaq basan, öz-özünə danışan qarı Sahil bağının daimi sakinləridir.

Paltosuna bürünən, qocalıq və yoxsulluqdan qaməti büzüşən qarı diqqəti çəkir. Saçları pırtlaşıq, üzündən-gözündən yağan taleyin izləri. Dilənçi sanıram. Yanına yaxınlaşıram. Yox, arağın qoxusu vurur. Öz xəyalında yaratdığı dünyaya keçid alıb. Gözlərinin önündən uşaqlar qaçışır, əllərində rəngli şarlarla... Parkda gəzişən tək-tük insanlar ona aydan gəlmiş adam kimi baxır, qarının isə bu vecinə deyil. Yanında oturmağa heç kim ürək eləmir. Ağ saçları elə bil paslanıb, sanki neçə vaxtdır çimmir. Gözlərinin altı tuluqlanıb, üzünü qırış, tük basıb. Əlini çənəsinə dayaq edib bayaqdan bəridir haralarasa baxır. Qarının olduğu yerə yeniyetmə bir oğlan yaxınlaşır. Deyəsən, yaşlı qadınla ilk dəfə rastlaşıb, sakitcə keçib yanında əyləşir. Oğlanın gəlişindən elə bil qarının heç xəbəri belə olmur. Oğlan çiyninə keçirdiyi çantanı aşırdaraq dizlərinin üstünə qoyur. Az keçmir üzünü turşudur və ayaqlanır.

Sahil bağında bir mənəm, bir də o qarı. Hə, bir də əlləri buz kimi kəsən soyuq. Mən reportaj ovuna çıxan jurnalist rolunda, o isə həyatın dibin rolunda. Mən ona tamaşa edirəm, o isə xəyalında qurduğu dünyaya...

Yazıçılar Birliyinə tərəf gedirəm. Kimsə yoxdur. İçəridə qaranlıq yatır.

Külək əsir, yel dəydikcə ağaclar yavaş-yavaş yırğalanır, yarpaqlar bir-birilərinə toxunub sanki musiqiyə bənzər bir səs çıxarır, adamın qulaqlarını yalayır. O tərəflərdə yollardan şütüyərək keçən maşınlar, yeyin-yeyin, özlərini soyuqdan qurtarıb metroya yetirməyə can atan adamlar...

Qarı mürgü döyməyində olsun, sizə kimlərdən danışım sevgililərdən. Bu soyuğun günüdə onları görmək sevindirir məni. Bir-birlərinə sarmaşıq kimi dolanıblar. Nəfəsləri ilə isinməyə çalışırlar. Onların gəlişi bağa həyəcan gətirir elə bil. Külək bir az daha coşur, buludlar sürətlə keçməyə başlayır.

İrəlidən gələn enlikürək, ucaboy oğlan onların oturduğu skamyanın yanından keçəndə qarı qəfil budaqdan pərvazlanan quş kimi yerindən sıçrayıb onu qucaqlayır. Oğlanı bərk-bərk köksünə basıb onun o üz-bu üzündən marçamarç öpür.

- Çəkil, dəlinin biri, rədd ol - yeni gələn oğlan onu bir tərəfə itələyir. - Dəlidi nədi ala bu...

Qarı tez-tələsik parkdan uzaqlaşır, Axundov kitabxanasını burulub gözdən itir. Onunla söhbət edə bilmədiyim üçün heyfsilənirəm, parkı gəzməyə davam edirəm.

AYB-nin qarşısında Dostoyevskiyə bənzəyən bomj görürəm. Gözlərimi ovuşdura-ovuşdura bir də baxıram. Şəkildə gördüyüm yazıçının əkizidir desəm, yanılmaram. Saçları seyrək, yanları uzun, alınıaçıq, düyməcik baxan gözləri, nimdaş paltarı. Elə bil zühur edib təzəcə yer kürəsinə düşüb. Aha, reportajıma xoş gəldin Dostoyevski deyə sevinirəm içimdə. Mütləq onun yanına yaxınlaşmalıyam. Elə bu minvalla yolu keçib özü mənə yaxınlaşır.

- Siqaret... Siqeytin olar?

Cibimi eşələyib bir gilə uzadıram.

Soyuqdan kəsik-kəsik olan əlləri görünür. Siqareti acgözlüklə yandırır. Söz deməyə cürətim çatmır. Yanımdan keçib skamyaların birində oturur. Əllərini ciblərinə salıb papağını çıxarır. Gözləri bağlanan kimi örtür papağını.

Qarşıdan üç qız gəlir, külək onların saçlarını dağıdır, ikisi əl-ələ tutub. Bu mənzərəyə yalnız Bakıda rast gəlirəm. Heç vaxt Tiflisdə, ya da Rusiyada qızların əl-ələ, qol-qola gəzdiyinin şahidi olmamışam. Nə isə, qızlar gəlib keçir, ətrafa baxınırlar. Bəlkə də hansısa biri sevgilisini gözləyir, ya da elə üçü də. Çox vaxt bir qız təzə tanış olduğu və ilk dəfə görüşə çıxacağı oğlanı dəhşətli bir sürprizlə qarşılayır: yanında rəfiqəsi olur. Vəssalam, gəl indi, gəz, söhbət elə, daldaya çəkilib öpüş, görüm. Əslində rəfiqə qızı qorumaq üçün göndərilib.

Sevgililər demiş, bizim yeniyetmə cütlük quş olub uçublar ki... Bu soyuqda onsuz da kim dayanar? Soyuq sevgidən də güclüdür, amansızdır. Filosofluq eləməyim, yavaş-yavaş gedim mən də. Bu gün tilovuma az adam düşdü. Paltoma bürünüb küləyin əsdiyi tərəfə doğru qaçıram. Birdən dayanıb geri çevrilirəm, uzaqdan Sahil bağı dənizdə yırğalanan gəmiyə bənzəyir. Boş, kimsəsiz gəmi...

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...