Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Maraqlıdır ki, dəniz canlılarının kütləvi şəkildə ölməsinə səbəb nədir?
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək.
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Ednews-a açıqlamasında bildirib ki, bununla bağlı araşdırma aparılır.
“Buna bir neçə məsələ səbəb ola bilər. Bəzi mütəxəssislər bunu hərbi proseslərlə əlaqələndirirlər. Deyilənə görə Xəzər dənizinə atılan raketlər var ki, bu heyvanlara öz təsirini göstərib. Hələ ki, dəqiq informasiya yoxdur”.
O həmçinin bildirib ki, Xəzərə davamlı olaraq tullantı atılır.
“Bu, bəlli məsələdir. Təbii ki, bu da dənizdə yaşayan canlılara həyati təhlükə yaradır. Bunun üçün ciddi tədbirlər görülməlidir. Tullantıların dənizə hansı müəssisələrdən atılmasını araşdırmaq lazımdır”.
Ayan Rzayeva