“Birgə təlimlər regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir”.
Ednews xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib.
Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.