Bəzi ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən bufetlərdə insan orqanizmi üçün zərərli qidaların satılması geniş vüsət almaqdadır. Bu da uşaqların sağlamlığına ciddi təhlükə yaradır. Maraqlıdır ki, təhsil müəssisələrində satılan qidalar hansı qurumun nəzarətindən keçir?
Ednews məsələ ilə bağlı Qida Təhlükəsizlik Agentliyi ilə əlaqə saxlasa da sualları cavabsız qalıb.
Qisa üzrə ekspert Ağa Salamov isə açıqlamasında bildirdi ki, çox vaxt məktəb bufetlərində satılan qidalara görə AQTA-nı qınayırlar. Amma məsələ tam belə deyil.
“Biz AQTA-nı məktəb bufetlərində vaxtı keçmiş qidalara görə, orada mikrobioloji çirklənmə varsa, məhsulların düzgün şəkildə saxlanılmaması, otaq temperaturunun nəzərə alınmaması kimi qanunsuzluqlar aşkarlananarsa günahlandıra bilərik”.
Ekspertin sözlərinə görə məsələn, spirtli içkilərin üzərində 18 yaşdan yuxarı uşaqlar üçün istifadəsi üçün nəzərdə tutulmuş yazı var. Amma digər rəngli içkilərin üzərində heç bir məhdudiyyət yoxdur.
“Bufetlərdə uşaqlar üçün sağlam qidalardan olan menyu düşünülməlidir. Nəzərə almaq lazımdır ki, uşaqlar evdən çox məktəbdə vaxt keçirirlər. Məktəb bufeti varsa onun mətbəxi də olmalıdır. Ona görə onlara rəngli içkilərin satılması düzgün deyil. Onun əvəzinə təbii meyvə şirələri hazırlansa faydalı olar. Mövsümə uyğun meyvələrdən uşaqlara kompotlar hazırlasınlar”.
O həmçinin ali təhsil müəssisələrinin rəhbərliklərini də bu məsələdə günahlandırıb.
“Ali təhsil müəssisələrinin rəhbərlikləri məsuliyyəti öz üzərindən götürürlər. Deyirlər ki, biz icarəyə vermişik. İcarəyə vermisinizsə uşaqların nə yedikləri ilə maraqlanırsınızmı? Ali təhsilli biri kimi bu şəxslər bu məsələ ilə maraqlanmalıdır”.
A.Salamov sonda qeyd etdi ki, günah valideynlər və məktəb rəhbərliyinindir.
“Çox az valideyn görürük ki, uşaqlara bu problem haqqında məlumat versin”.
Ayan Rzayeva