Son günlər ard-arda baş verən yol qəzaları gündəmi zəbt edib. Daha çox xüsusi tırlarla avtomobillər arasında olan bu qəzalar həm də insan ölümünə səbəb olub. Bəs sözügedən qəzaların qarşısını necə almaq olar? Hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov yollarda baş verən qəzaların əsas səbəbkarının yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyi olduğunu bildirib:
"Qəzalara ikinci səbəb sürücülərin bilərəkdən yol hərəkəti qaydalarının pozması, üçüncü səbəb isə yol infrastrukturunun yaxşı olmamasıdır. Avtomobillərin bugünkü təhlükəsizlik parametrlərinə cavab verməməsi də xüsusi əhəmiyyət daşıyır. Buna görə də qəzalar tez-tez baş verir. Məsələn, son gün baş verən qəza 7 nəfərin ölümü ilə nəticələnib".
E.Cəfərov xüsusi yük avtomobilləri olan tırların da hərəkəti barədə danışıb:
"Düşünürəm ki, həmin yük avtomobillərinin nəzarətinə ehtiyac var. Bu bəzi sürücülər üçün diskomfort yarada bilər. Şəhərlərarası yollarda, dövlət yol polisinin postlarında istər ölkələrarası, istərsə də şəhərlərarası hərəkət edən yük avtomobillərinin saxlayın sürücüləri ilə profilaktik iş aparmağa ehtiyac var. Çox zaman həmin avtomobilləri idarə edən sürücülərin əsas problemi yuxusuzluq olur".
Ekspert, həmçinin, tırların paytaxta daxil olması ilə bağlı məhdudlaşdırma prosessinə də aydınlıq gətirib:
"Nazirlər Kabineti tərəfindən qəbul olunan qərara əsasən, səhər saat 7-dən axşam saat 10-a qədər ağır tonlarda yük daşıyan avtomobillər şəhərə daxil olmasın. Tırlar üçün xüsusi alternativ yolların yaradılması isə mümkün deyil. Sadəcə tırların özünün də yollarda qanunla təyin olunmuş sürət həddi var. Belə ki, onlar mütləq yolun sağ zolağında hərəkət etməlidirlər. Talonla hərəkət edən yük avtomobilləri də hərəkət zamanı təhlükəsizlik məqsədi ilə xeyli məsafə saxlamalıdırlar".
Nəzrin Eldarqızı