Milli Məclisin plenar iclasında "Təhsil haqqında" qanunun yenilənməsi təklif olunub. Maraqlıdır, qanun özündə hansı dəyişikliklər və yeniliklər ehtiva edəcək?
Məsələ ilə bağlı Ednews-a danışan təhsil eksperti Elçin Əfəndi dəyişikliklərdə təhsilin bütün pillələri üzrə müəyyən qərarların qəbul edilməsinin vacib hesab etdiyini bildirib:
"Fikrimcə, həm tələbələrin təhsil haqqlarının onların ödəyə biləcəyi həddə olmasıyla bağlı bir fikir səsləndirilsə yaxşı olar. Eyni zamanda tələbələrin yataqxanalarla təmin olunması, tələbə yataqxanalarında faktiki olaraq məskunlaşan şəxslərin başqa ərazilərə köçürülməsi daha yaxşı olar. Tələbə Təhsil Krediti fondu tərəfindən müəyyən olunmuş kreditlərin verilməsi ilə bağlı qərarlarda dəyişikliklərin olunması ilə bağlı təklif irəli sürmək məqsədəuyğun hesab edilir".
E.Əfəndi "Təhsil Haqqında Qanun"-a ediləcək dəyişikliyin təhsil prosesinin daha əlverişli, səmərəli təşkilinə yönəldilməli olduğunu da vurğulayıb:
"Təhsilin hər kəs üçün əlçatanlığının təmin olunması burada öz əksini tapmalıdır. Eyni zamanda tələbələrin təcrübə keçmək imkanları, son kursda deyil, daha tez başlamaları ilə bağlı müvafiq qanun layihəsi hazırlanmalıdır. Bundan əlavə tələbələrin köçürülməsi ilə bağlı müəyyən fikirlər səsləndirilə bilər. Həm ölkə daxilində, həm də ölkə xaricində təhsil alan vətəndaşların bizim ölkə universitetlərə, yaxud xarici universitetlərə transferi kimi məsələlər də öz əksini də tapa bilər".
Nəzrin Eldarqızı