Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.
Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
09:28
Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Ednews-a verilən xəbərə görə, ilkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilmişdir.
Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Hadisə barədə ətraflı məlumat veriləcək.
***
09:08
Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.
Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
***
08:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.
FHN-dən Ednews-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.