Sosial şəbəkələrdə dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı Musiqi Akademiyasının qarşısında yerləşən heykəlinin üzərinə naməlum şəxslərin ayaqqabı atması barədə yayılan görüntüsü insanlar tərəfindən hiddətlə qarşılanıb. Belə ki, videoda şəxsiyyətləri məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.
Görünür bayağı musiqilərin gündəm olduğu bir dövrdə gənclərin nəinki musiqi, incəsənət zövqü pozulub, hətta onlar etik qaydalara riayət etmələrini, özlərini cəmiyyət içərisində aparmaqlarını, tarixi, irsi köklərinə sayqılarını da itiriblər.
Bəs, dahi Üzeyirlər, Qara Qarayevlər, Müslim Maqomayevlər, Tofiq Quliyevlər yetişdirən bir toplum nə zaman belə dəyişə bildi?
Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin sözlərinə görə, bəzi xəstə təfəkkürlü gənclər mədəniyyətimizi geri salırlar. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.
“Azərbaycan musiqisində bütün nailiyyətləri Üzeyir Hacıbəyliyə borcluyuq. Əvvəllər orta məktəblərdə nəğmə dərsi keçirilirdi. Ü.Hacıbəylidən tutmuş bütün bəstəkarlar təbliğ olunardı”.
Musiqişünas həmçinin onu da qeyd edib ki, hər bir işin başlanğıcı təbliğatdır. Onun fikrincə, gənclər arasında ədəbiyyat, mədəniyyət, incəsənət, tarix və digər sahələr barədə güclü təbliğat aparılmalıdır.
“Bu gün deyə bilərəm ki, burada birbaşa televiziyalarımızın günahı böyükdür. Çünki onlar cəmiyyətə bilavasitə təsir göstərən təbliğat maşınlarıdır. Bütün televiziya kanallarına aid etmək olmasa da, əksəriyyətinin burada böyük günahı var. Bu gün televiziyalar reklama, sponsora və reytinq xətrinə işləyirlər. Bu gün televiziyalarımızda maarrifləndirici, təfəkkür formalaşdıran verilişlər yetərincə deyil. Bunun da olmaması cəmiyyətdə özünü qabarıq formada göstərməkdədir”.
Aynurə İsmayılqızı