Şəhəri bəzəyən mərmər döşəmələr - Görünüş yoxsa təhlükəsizlik? - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Şəhəri bəzəyən mərmər döşəmələr - Görünüş yoxsa təhlükəsizlik?

Cəmiyyət A- A A+
Qışın özünü göstərməsilə qarın yağmağı son bir neçə gündə bəzi problemlərə səbəb olub. Bunlardan biri də şəhərdə salınan parklarda, keçidlərdə, pilləkənlərdə mərmər səthlərdən istifadənin yaratdığı çətinliklərdir. Yerə döşənən mərmər lövhələr qışda şaxta və buzlaşma səbəbilə sürüşmə riskini artırır, piyadaların hərəkətini çətinləşdirir və ciddi travmalara səbəb olur. 
 
Məsələ ilə bağlı memar, şəhərsalma üzrə ekspert Muxtar Ərturan Ednews-a açıqlamasında bildirib ki, standartlaşmaya uyğun olmayan belə mərmər döşəmələr təyinatı üzrə istifadə olunmur:
 
“Bakı şəhərinin bir çox yerində parklar, səkilər və keçidlər salınarkən standartlaşmaya fikir verilmir. Avropa standartlarına uyğun olaraq infarstrukturda, həmçinin parklarda çöl, fasad hissə üçün bir sıra kafel-metlax, seramik materiallar var ki, onlardan istifadə olunmalıdır. Ən bəsit misal, 2005-2006-ci illərdə Milli Bankın qarşısında salınan Heydər Əliyev parkının döşəməsində bütünlüklə keremoqranit plitələr, yerli, İran və Türkiyə istehsalı olan seramiklərdən istifadə olunub. Ən pisi isə odur ki, sürüşkən səthli bu seramiklər yerin döşənməsi üçün nəzərdə tutulmayıb. Nəticə etibarilə, onun üzərindən keçən adam birmənalı şəkildə yıxılır. Adətən, salınan yeni parkların, tikilən binaların, obyektlərin açılışı isti aylara təsadüf edir. Qışın gətirəcəyi təhlükələr nəzərə alınmadan görüntü xatirinə mərmər səthlərdən istifadə olunur”. 
 
Ekspert qeyd edib ki, bu məsələ nəzarətdən kənardadır:
 
“Həyata keçirilməsi nəzərdə tutulan layihələrə tenderdə baxış keçirilən zaman gözəl görüntü, ümumi dizayn bəyənilir və layihə qəbul edilir, təhlükəsizlik meyarları isə gözardı edilir. İlk baxışda gözəl görünən döşəmələr, örtüklər praktikada özünü doğrultmur. Buna nəzarət edən bir qurum yoxdur. Döşəmə üçün xüsusi materiallar var ki, onların üst qatı matdır və qar da yağsa, üzərində piyadaların, avtomobillərin sürüşmədən hərəkəti mümkün olur. Lakin tikinti zamanı bu materiallardan qiymətinin təyinatı üzrə istifadə olunmayan seramik lövhələrdən 3 dəfə baha olması səbəbindən istifadə olunmur”. 
 
Ekspert bildirib ki, mərmər döşəmələrin təbii daşla əvəz olunması məqsədəuyğun olardı:
 
“Avropa şəhərlərinin əksəriyyətində parklarda, səkilərdə təbii daş materiallardan istifadə olunur. Təbii relyefi  sayəsində daşın səthinin aşılanmağa ehtiyacı olmur və üzərində rahat hərəkət etmək mümkün olur . Keremoqranit isə zavod istehsalı materialdır, uzunömürlü, keyfiyyətli olmamaqla bərabər yerə döşənməsi də düzgün deyil və standartlardan kənardır”.
 
Törə Zeynal


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...