“Elə bil tarixi binaya yox, otelə girirsən...” - Tanınmış memardan SƏRT TƏNQİD - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Elə bil tarixi binaya yox, otelə girirsən...” - Tanınmış memardan SƏRT TƏNQİD

Cəmiyyət A- A A+
Memarlıq abidələri tarixi salnaməmizdir. Təəssüf ki, şəhərimizə özünəməxsusluq qatan tarixi binaların bərpası zamanı onların arxitektur özəllikləri qorunmur, binalar ilkin görünüşündən uzaqlaşdırılaraq modernləşdirilir.  
 
Tanınmış memar, Cahid Həsənov mövzu ilə bağlı Ednews-a açıqlamasında bildirib ki, tarixi binaların restavrasiyası sıradan bir tikinti-bərpa şirkətinə, təmir briqadasına həvalə edilməməlidir:
 
“Çox təəssüf ki, proses zamanı interyerindən tutmuş fasadına qədər binalara dəyişiklik edilir. Tarixi daş fasadları boyayırlar, klassik üslubda taxta materialdan olan pəncərə çərçivələrini dəyişib yerinə plastik çərçivələr qoyurlar, qədimi qapıları alüminium profilli modern qapılarla əvəz edirlər. Qapı-pəncərələrin dəyişilməsi artıq binanın arxitekturasına ciddi zərbə vurur, tarixi görüntüdən əsər qalmır. İnteryerdə tavan alçipan, divarlar suvaq, döşəmə kafel... Elə bil tarixi binaya yox, otelə girirsən...”
 
Memar vurğulayıb ki, restavrasiya işlərini kor-koranə şəkildə aparmaq olmaz:
 
“Bir çox ölkələrdə tarixi binaların ağardılması prosesi var, təbii ki. Amma bu, binanı aparatla sürtüb büsbütün ağ rəngə bürüməkdən ibarət deyil. Binanın yaşını, qədimiliyini göstərən elə onun mövcud rəngidir. 3 il əvvəl tikilmiş villayla 150-200 il yaşı olan binanın nə fərqi qaldı onda?!” 
 
Cahid Həsənov qeyd edib ki, bu gün tarixi tikililərin təyinatının dəyişdirilməsi onlara böyük zərbə vurur:
 
“Tikilinin içində iaşə obyekləri açırlar, kafe-restoran, çayxana açırlar. Bu azmış kimi, binanın çölünə də iri reklam lövhələri asırlar. Məgər obyekt açmaq üçün bina qəhətdir?! Ya kafe-restoranlar neçə əsr yaşı olan, tariximizi yaşadan tikililərdən daha vacibdir?! Binanın yuxarı  mərtəbələri klassik,arxitektur elementlər, girişi isə müasir obyektlər, reklam lövhələri – bu, təmir deyil! Mərkəzdə Nizami küçəsi, univermaq, üzü “beşmərtəbə”yə, 28-ə qədər hansı tarixi binaya ayaq basırsan acınacaqlı vəziyyətin şahidi olursan”. 
 
Memar onu da bildirib ki, maddi irsin qorunmasında Avropa təcrübəsindən yararlanmaq olar:
 
“Mədəniyyət nazirliyi buna ciddi nəzarət etməlidir. Xüsusi komissiyalar yaradılmalı, şəhərdə monitorinqlər aparmalıdırlar. Dövlət Reklam Agentliyi də üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Avropada bu sahədə sərt nəzarət var. Əgər tarixi binanın birinci mərtəbəsində hər hansı iaşə obyekti varsa, onun reklamı ancaq həmin mərtəbədə içəridə vurula bilər, binanın çöl divarını bütünlüklə əhatə edə bilməz. Niyə bizdə də bu qaydalar tətbiq edilmir?!”
 
Cahid Həsənov həmçinin qeyd edib ki, dövlət reyestrində olan xüsusi mülkiyyətə alınmış hər hansı tarixi binanın mülkiyyətçisinin binaya dəyişiklik etmək hüququ var. Lakin, bu iş də qaydalar çərçivəsində, müəyyən həddə görülməlidir: 
 
“Hər kəs öz istədiyi dəyişikliyi eləsə tarixi görüntüdən geriyə heç nə qalmaz. Mülkiyyətçi bu işi təcübəli şirkətlərə, mütəxəssislərə həvalə etməlidir ki, binanın üslubu qorunub saxlanılsın”. 
 
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, tarix-mədəniyyət abidələrinin mühafizəsi işinin təşkili bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir:
 
“Həm Bakı şəhəri, həm də regionlarda yerləşən abidələrin mühafizəsinə nəzarəti  Dövlət Xidmətinin regional idarələrinin əməkdaşları olan abidə mühafizəçiləri həyata keçirir. Onlar  gündəlik olaraq abidələrə nəzarət edir, onların cari vəziyyətini yoxlayır, eləcə də baş vermiş hər hansı müdaxilə faktları barədə müvafiq məlumatları rəhbərliyə ötürürlər. Hər hansı bir abidəyə müdaxilə faktı aşkar edildikdə dərhal akt yazılır, protokol tərtib olunur və digər lazımi tədbirlər həyata keçirilir”.
 
Qurumdan onu da bildirdilər ki, bu günlərdə Bakı şəhərində yerləşən tarixi abidələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə abidələrə yeni məlumat lövhələrinin vurulmasına başlanılıb:
 
“İlkin mərhələdə Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə məlumat lövhələri vurulacaq. Artıq lövhələrin vurulması işi yekunlaşmaq üzrədir”.
 
Qurumdan həmçinin qeyd edilib ki, abidələrin qorunması haqqında qanunvericiliyin tələblərini pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar:
 
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunması, salamatlığının təmin edilməsi və istifadəsinə dair mühafizə müqaviləsi bağlayırlar. Bununla da həmin şəxslərin abidə ilə bağlı hüquq və vəzifələri, eləcə də məsuliyyəti müəyyən edilmiş olur”.
 
 
Törə Zeynallı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...