Vətəndaşın xarici ölkədə yaşaya biləcəyi problemlərdən biri də pasport itirildikdə baş verə bilər.
Ednews-a danışan vəkil Əsabəli Mustafayev xəbər verir ki, ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- nun 3-cü maddəsinə əsasən hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur.
“Əgər passport itib və ya oğurlanıbsa, ilk növbədə olduğu yerin polis idarəsinə müraciət etməlidir. Polis qurumundan pasportun itməyinə görə arayış almaq lazımdır. Arayış aldıqdan sonra Konsulluğa müraciət edib, arayışı təqdim etməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər. Bu sənədə “qayıdış” sənədi deyilir.
Bu barədə də xüsusi əsasnamə var. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir. Qısa müddət ərzində, yəni 3 gün ərzində həmin sənəd vətəndaşa verilir. Vətəndaş həmin sənədlə Azərbaycana qayıda bilir”.
Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) müddəti müəyyən edilməlidir. Əgər, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə olunmazsa o, qüvvədən düşür.
Vəkil həmçinin onu da qeyd etdi ki, ölkəyə qatıtdıqdan sonra isə öz ümumi vətəndaşlıq pasportunu yenisin almaq üçün müvafiq orqanlara müraciət etməlidir.
Aynurə İsmayılqızı