Xəbər verdiyimiz kimi, qardaş ölkə Türkiyədə ard-arda güclü zəlzələlər baş verir. Ölkədə binalar yerlə-yeksan olub. Məlum məsələdir ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Maraqlıdır ki, yaşadığımız evlər zəlzələdən nə dərəcədə sığortalanıb? Paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır? Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar təbii fəlakət qarşısında duruş gətirə bilərmi?
Tikinti üzrə ekspert Nüsrət İbrahimov Ednews-a açıqlamasında bildirib ki, fərdi yaşayış evlərinin bir çoxu sığortadan keçib.
“Çox mənzilli yaşayış binalarının hər birinin sığorta olunmasına inanmıram. Sonuncu dəfə 2000-ci ildə Bakıda 5.7 bal gücündə zəlzələ baş vermişdi. Binalar o bal gücündə zəlzələyə davam gətirmişdi. Fövqəladə Hallar Nazirliyi bu binaları istismara qəbul edəndə xüsusi texnika vasitəsilə yoxlayır. Onlar hesablanaraq 9 balla layihələndirirlər”.
Memar Cahid Həsənovun sözlərinə görə isə Bakı şəhərində gedən yenikliklərə əsasən çoxmərtəbəli binalar haqqında çox gözəl sərtləşdirici binanın strukturu və möhkəmliyi haqqında qanunlar tətbiq olunub.
“Sovetlər dövründən qalan binalar, “alman evləri”, “xruşşovkalar”, “stalinkalar” günün tələblərinə cavab vermirlər. Bu binalar aşılanmaya məruz qalıblar və dəyişilməyə ehtiyac var. Ən qorxulu hal odur ki, bu binalara sonradan yüklənmələr olur. Eyvanların artırılması, otaqlara əlavələrin olunması, mansarların düzəlməsi təbii fəlakətlər zamanı tamamilə dağılmasına şərait yaradır. Söhbət təkcə yaşayış binalarında getmir, eyni zamanda həyətyanı sahələrin tikintisində konstruksiyanın gücünə baxmırlar”.
Memar həmçinin sahibkarların bu sahədə öz maraqlarının olmasından danışıb.
“Sahibkarların marağında olan 11 mərtəbəli binaların tikintisində maliyyənin az çıxması üçün sərt qaydaların olmasına narazılıq etmələridir. Bundan sonrakı dövrdə də sərt konstruksiyalı binaların tikilməsi vacibdir. Dünyanın heç bir yeri belə təbii fəlakətlərdən sığortalanmadığına görə bu məsələyə ciddi baxılmalıdır”.
Ayan Rzayeva