Moskva yaxınlığındakı Mıtişidə xüsusi əməliyyat nəticəsində 50-yə yaxın adam saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Baza” Telegram kanalı yayıb.
Mənbə yazır ki, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında əsasənAzərbaycandan olan kriminal avtoritetlər müəyyən məsələləri müzakirə etmək üçün “sxodka”ya toplaşıblar.
Saat 16.00-a yaxın Rusiya Qvardiyasının və polisin maşınları restorana tərəf gəlməyə başlayıb. Ərazi mühasirəyə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, restorana gələnlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar. Ümumilikdə 48 azərbaycanlı, iki Dağıstan vətəndaşı və bir Ermənistan və bir Tacikistan nümayəndəsi saxlanılıb.
Onların telefonları, həmçinin beş travmatik tapança və hətta bir “Sayqa” karabini müsadirə edilib. Həbslərdə ümumilikdə yüzə yaxın təhlükəsizlik işçisi iştirak edib.