Bakıda Xətai rayonu ərazisində yerləşən küçələrin birində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, küçədə yolun asfalt hissəsinin yararsız vəziyyətdə olması sakinləri təngə gətirib.
Ednews xəbər verir ki, Nəsrəddin Tusi 11-b küçəsinin məhəlləsində yaşayan sakinlər narazılıqlarını bildiriblər. Onlar etiraz edir ki, artıq neçə müddətdir ki, asfalt yol qazılıb və bərpa edilmir. Sakinlər bununla bağlı Xətai İcra Hakimiyyətinə müraciət etsələr də cavab ala bilməyiblər.
Məhəllə sakinləri bildirir ki, həmin küçədən istifadə edən piyadar və nəqliyyat vasitələri böyük çətinliklə üzləşirlər. Yağışlı havada isə küçədə gölməçələrin, palçığın yaranması vəziyyəti daha da korlayır.
Məsələ ilə bağlı Ednews-a Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, sakinlərin xahişi ilə məhəllə abadlaşdırılır. Xətai rayonunda mütamadi olaraq məhələlərdə mərhələli şəkildə abadlıq işləri aparılır.
“O cümlədən də Nəsrəddin Tusi 11-b küçəsi də. Sakinlər bildirimişdilər ki, maşınları saxlamağa çətinlik çəkirlər. Parklanma üçün yerlər hazırlanmağını istədilər. Biz də hazırlığımızı görüb işlərə başladıq. Sadəcə hava şəraiti ilə əlaqədar bir müddət bərpa işləri dayandırılıb. Orada asfalt da, digər məsələlər də həllini tapacaq. Səbrli olsunlar”.
Oğuz Ayvaz