Dİndə qadağan edilən “surroqat analıq” – Dünyaya gələn uşaq ögey yoxsa doğma sayılır? - ARAŞDIRMA - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

Dİndə qadağan edilən “surroqat analıq” – Dünyaya gələn uşaq ögey yoxsa doğma sayılır? - ARAŞDIRMA

Cəmiyyət A- A A+
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünya əhalisinin 20 %-i sonsuzluqdan əziyyət çəkir.  
 
Ölkəmizdə sonsuzluqdan əziyyət çəkən bəzi ailələr süni mayalanma vasitəsilə uşaq sahibi olsalar da surroqat ana mövzusunda tərəddüd edirlər. Cəmiyyətdə bu seçim birmənalı qarşılanmır. Surroqat analıq barədə qanun layihəsinin qəbul edilib  edilməməsi də müzakirə doğuran məsələdir. 
 
Məsələ ilə bağlı Ednews-a danışan mama-ginekoloq Təranə Həsənovanın sözlərinə görə, dünya praktikasında bu seçim geniş yayılıb və özünü doğruldur. O hesab edir ki, Azərbaycanda da surroqat analıq haqqında qanunun qəbul edilməsinə ehtiyac var:
 
“Düşünürəm ki, bu, sonsuzluqdan əziyyət çəkən ailələrə ümid olar. Bu barədə həkimə müraciət edənlər çox olur.  Sual verirlər ki, “bizə hansı yolu məsləhət görürsünüz?”. Əgər burada kişi sonsuzluğu faktoru varsa, o zaman biz süni mayalanma yolunu seçirik. Çünki qadın reproduktiv cəhətdən sağlamdır. Yox, əgər, problem qadındadırsa, qanun qəbul edildiyi halda surroqat analıq seçimi ən doğrusudur. Bizdə bu proses qeyri-leqal olduğu üçün bəzi ailələr surroqat ana yolu ilə uşaq sahibi olmaq üçün xarici ölkələrə müraciət edirlər. Ailə özünə aid genlərlə övlad sahibi olmaq istəyir. Bu, hər kəsin təbii haqqıdır”.
 
Ginekoloq T.Həsənova onu da bildirib ki, surroqat analığın leqal olduğu ölkələrdə ilk növbədə qadınlar özləri daşıyıcı olmaq üçün müraciət edirlər. Həmin qadınlar bir sıra kriteriyalara cavab verməlidilər:
 
“Onlar sağlamlıq barədə, xüsusi analizlərdən keçib konkret arayışlar təqdim etməklə daşıyıcı kimi yararlı olduqlarını sübut etməlidirlər. Daha sonra ailə ilə surroqat ana arasında müqavilə imzalanır. Burada hər iki tərəfin öz hüquq və vəzifələri göstərilir. 9 ay müddətində ailə həmin qadının sağlamlığı, mütəmadi həkim nəzarətindən keçməsi və doğumuna cavabdehlik daşıyır. Qadın mənzillə təmin olunur, bütün sosial ehtiyacları qarşılanır və s.”.
  
Mövzu ilə bağlı sosioloq Sahib Altay da öz fikirlərini bölüşüb. O qeyd edib ki, sosial rifah, iş həyatı, karyera planları, eyni zamanda, elmi-texnoloji nailiyyətlər səbəbilə ortaya çıxan və inkişaf edən həyat tərzi nəticəsində insanlar öz  rahatlıqlarına düşkün olur. Süni şəkildə ortaya çıxan yaşam modelləri insan təbiətilə ziddiyyət təşkil edir və gələcəkdə insanlığa zərərləri ola bilər:
 
“Ümumiyyətlə, tibbin inkişafı ilə ortaya çıxan surroqat analıq elə də xoş qarşılanmayan bir məsələdir. Çünki analıq hissi təbiidir, atalıq hissi isə sonradan qazanılan. Uşaqla ana arasında münasibət körpə rüşeym halında ikən qadının bətnində başlayır. O demək deyil ki, surroqat ananın bətnində inkişaf edən körpə ilə onun bioloji anası arasında heç bir doğmalıq olmur, amma yenə də bu proses ilk vaxtlarda ana-övlad münasibətinə təsir edə bilər. Gələcəkdə çox güman ki, dünyada bu praktika geniş yayılacaq. Tibbi zərurət olduğu halda bu seçimi normal hesab edə bilərik. Nəsil artırmaq istəyi hər canlının təbiətində var. Lakin zərurət olmadığı halda bunu kütləviləşdirməyi, tələb-təklif kimi göstərməyi düzgün hesab etmirəm”. 
 
Mövzuya dini cəhətdən yanaşan ilahiyyatçı Tural İrfan isə bildirib ki, İslam dini ümumiyyətlə övladlığa götürməni, eləcə də digər süni yollarla övlad sahibi olmağı qadağan edir:
 
“Uşağı yalnız himayəyə götürməyə icazə verilir. Din buyurur ki, hər kəsin öz soy kökü bilinməlidir, hər körpə öz bioloji valideynlərindən doğulmalıdır. Bu, gələcəkdə sosial problemlərin yaranmasına səbəb ola bilər. Dini nöqteyi-nəzərdən bu məsələlərdən mümkün qədər çəkinməyi tövsiyə edirəm”.
 
 
Törə Zeynallı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...