“Uşağa seçim şansı verilməlidir” - Travmalar gələcək həyatımıza necə təsir edir? – Psixoloqdan AÇIQLAMA - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

“Uşağa seçim şansı verilməlidir” - Travmalar gələcək həyatımıza necə təsir edir? – Psixoloqdan AÇIQLAMA

Cəmiyyət A- A A+

Uşaqlıq dövründə yaranan travmalar insanın gələcək həyatına ciddi təsir edir. Bu bir çox problemlər - özgüvənsizlik , sosial fobia , qorxu və. s yaradır. İnsan bu travmalara qalib gəlməsə, rahat yaşaya bilməz.

Bəs, travma nədən yaranır? Gələcək həyata bu nə cür təsir edir?

Mövzu ilə bağlı Ednews-a danışan psixoloq Gülnar Orucova bildirib ki, körpə dünyaya gəldiyi andan bir fərd kimi formalaşmağa başlayır, hər bir şeyi anlamağa çalışır.

“Məsələn, körpə artıq öz yemək saatını bilir, ac olanda ağlamağa başlayır. Danışa bilməsə belə ətrafında baş verən hadisələri dərk edir.  İnkişaf etmiş ölkələrdə uşaq ana bətnində olduğu andan valideyn ona sanki nələrsə öyrədir , musiqi dinlədir , uşaq anası ilə eyni hissləri yaşayır. Bizim cəmiyyətdə insanlar düşünür ki, uşağın yaşı azdırsa, heç nəyi anlamır və onun yanında hər şeyi danışmaq olar, mübahisə etmək, dalaşmaq olar.  Lakin belə deyil . Uşaqda 6 yaşa qədər şüuraltı formalaşır.  Həyatımıza ən çox təsir edən dövr də 6 yaşa qədərki dövrdür. Bu yaşa qədər uşağa  sevgimizi versək, diqqət və qayğı göstərsək, gələcəkdə ondan nailiyyətlər, xoş rəftar və digər müsbət keyfiyyətlər gözləyə bilərik“.

Psixoloq ailədən qaynaqlanan travmalar haqqında danışaraq bildirib ki, valideynlərin dava etməsi uşaqların gələcək həyatlarında müxtəlif qorxulara səbəb ola bilər:

“Ata və ana arasında davalar bir qız uşağı üçün gələcəkdə ailə qurmaqda , həyat yoldaşı seçimində tərəddüdlərə, qorxulara səbəb ola bilər və yaxud da atasının rəftarından dolayı ümumiyyətlə ailə qurmaq fikrindən daşına bilər. Kiçik yaşlardan ailədə qadına, anaya qarşı kobud rəftar, şiddət görən oğlan uşağı isə bunu bir ənənə, normal hal kimi qəbul edə bilər. Yəni, bir qadına əl qaldırmaq da olar, onu incitmək də olar“. 

Psixoloqun sözlərinə görə, valideynlərin uşaqları müxtəlif formalada cəzalandırması da onlarda travma yaradan səbəblərdən biridir:

“Məsələn, küncə qoymaq uşağın şəxsiyyətinin alçaldılması deməkdir. Küncə qoyulmuş uşaq gələcəkdə haqlarını müdafiə etməkdə, öz sözünü deməkdə çətinlik çəkəcək, cəmiyyətdə özünə inamı olmayacaq”.

Psixoloq qeyd edib ki, böyüklərin danışığı, hərəkətləri, həyat tərzləri, başqalarına münasibəti onların uşaqlıq dövründən xəbər verir:

“Ümumiyyətlə, böyüklərlə ünsiyyət quranda, söhbət edəndə onların 6 yaşa qədərki dövrü haqqında fikir formalaşdıra bilərik. O dövrdəki narahatlıqlar gələcək problemlərə yol açır. Hər birimizin qorxuları var. Qorxu və fobiya fərqlidir. Hədsiz qorxu fobiyadır.  Uşaqlıqda qaranlıq, su, heyvanlar, sevdiyi şəxslər tərəindən tərk edilmək və s. bu kimi qorxuların qarşısı valideynlə tərəfindən vaxtında alınmasa qalıcı travmalara çevrilə bilər. Kiçik bir misal, marketdə iki uşaqdan biri ağlayıb hər şeyi aldırmaq istəyir, digəri isə valideyninə “pulun yoxdursa, alma” deyir. İlk baxışda ağlamayan uşaq bizə ağıllı və anlayışlı görünsə də, artıq, pulun bitəcəyi qorxusu ilə yaşayır. Demək, valideyn ona bu qorxunu hiss etdirib, şüuraltında yoxsulluq qorxusu yaradıb. Gələcəkdə ailə həyatında bu ona problemlər yaradacaq”.

G.Orucova deyib ki, seanslar zamanı valideynlər psixoloqdan uşağa tərbiyə vermələrini istəyirlər, lakin bu bilavasitə valideynin vəzifəsidir:

“Psixoloq tərbiyə etmir, sadəcə korreksiya edə bilər. Uşağa seçim şansı verilməlidir. Övlada sevgini nəsə almaqla göstərmək düzgün deyil. Bunu duyğularınızla göstərib, hiss etdirməlisiniz”.

 

Qənbərova Səbinə

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...