"Ailə mübahisələrinin mürəkkəbliyini nəzərə alaraq Ailə Məhkəmələrinin yaradılması zəruridir".
Ednews xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər:
“Səbəblər göstərilməsə belə şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi kifayətdir. Bu zaman məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər”.
Anar Bağırov xarici ölkələrin təcrübələrinə də diqqət çəkib:
"Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiyanın Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılıb. Bu praktika bizdə də tətbiq edilməlidir”.
Aysel Şahmar