Məhkəmə sahəsində yeni ixtisaslaşmış qurumların yaradılması mövzusu bir neçə gündür müzakirə edilir. Söhbət ailə məhkəmələrinin təsis edilməsindən gedir.
Yeni qurum dağılmaqda olan ailə institutunu xilas edə bilərmi? Artmağa davam edən boşanmaların qarşısını almaqda ailə məhkəmələri nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı Ednews-un suallarını cavablandıran vəkil Əsabəli Mustafayevin fikrincə, məhkəmə sistemində yenilik edilməsi boşanmaların artmasının qarşısını almayacaq. Belə bir qurum artıq var, o da Mediasiya Şurasıdır.
“Mediasiya qurumlarının əsas vəzifəsi məhkəməyə qədər iki tərəf arasında barışığı təmin etməkdir. Lakin statistikaya əsasən deyə bilərik ki, müsbət nəticələrin sayı hələlik azdır. Mediasiyanın təsirini görmək üçün zaman keçməlidir. Hesab edirəm ki, mediasiya işinin yaxşı təşkili, peşəkarların yetişməsi üçün vaxt lazımdır. Madisiya sahəsinin resursları zəifdir. Mediasiya prosesində yaxşı psixoloqlar, sosial işçilər iştirak etməlidir. Artıq yaranmış və fəaliyyət göstərən qurumun inkişafına yardım etmək lazımdır”.
Ə.Mustafayevin sözlərinə görə, boşanmaların əsas səbəbi iqtisadi və sosial amillərdir. Bunu ailə məsələləri ilə məşğul olan mütəxəssislər də bildirirlər:
“Mövcud problemləri həll etmək lazımdır. Ailələrin inkişafına, uşaqların sağlam mühitdə böyüməsinə dəstək, ailəli şəxslərin maddi vəziyyətlərinin yüksəldilməsinə nail olmaq lazımdır. Bu məsələlər həll olunsa, boşanmaların sayında kəskin azalmanın şahidi ola bilərik”.
Hüquqşünas onu da vurğulayıb ki, əhali sayı çox olmayan ölkələrdə ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac yoxdur:
“Ailə məhkəmələri yaradılsa belə nə kimi dəyişikliklər olacaq? Yenə eyni hakimlər iştirak edəcək. Azərbaycan kimi kiçik ölkədə çoxlu ixtisaslaşmış məhkəmələrin yaradılmasına heç bir ehtiyac görmürəm. Məsələn, Almaniyada torpaq məsələləri üzrə ixtisaslaşmış məhkəmələr var. Ailə məhkəmələri olan ölkələr var təbii ki, amma bunlar əhalisi 80-100 milyon və daha çox olan ölkələrdir. Orada da belə mübahisələrin sayı həddindən artıq çoxdur. Düzdür, bizdə əhalinin sayına görə boşanmaların statistikası çox görünə bilər”.
Sonda Ə.Mustafayev əlavə edib ki, yeni məhkəmə qurumlarının yaradılmasına çəkiləcək xərci elə ailələrin özlərinə ayırmaq daha məqsədəuyğudur:
“Əsas odur ki, boşanmaların səbəbləri aradan qaldırılsın, bu yöndə iş aparılsın. Yüz dənə qurum yaratmaq olar, amma boşanmaya səbəb olan problemlər öz həllini tapmadıqca müsbət dəyişiklik əldə olunmayacaq. Məhkəmələrin yaradılmasına çəkiləcək xərcləri – yeni məhkəmə binalarının yaradılması, hakimlərin ştata götürülməsi və s., elə o xərcləri ailələrin problemlərinin həllinə yönəltsinlər”.
Törə Zeynal