BAMF-ın və “Əl-Cəzirə Sənədli filmlər” departamentinin rəhbərliyi Hikmət Hacıyevlə görüşüblər

Xəbər verdiyimiz kimi, Əl Cəzirə Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərə gəliblər.

Ednews xəbər verir ki, Əl Cəzirə nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə işgüzar görüş keçiriblər.

Görüşdə, həmçinin, BAMF-ın prezidenti Umud Mirzəyev və təşkilatın vitse-prezidenti Oğuz Mirzəyev də iştirak ediblər. Əl Cəzirə Sənədli Film kanalının fəaliyyətindən bəhs edən Əhməd Məhfuz onun beynəlxalq arenadakı uğurlarını və əldə etdiyi çoxsaylı, önəmli nəaliyyətlərini diqqətə çatdırıb. Danışıqlar zamanı gələcək əməkdaşlıqların inkişafı fonunda Azərbaycanın beynəlxalq film festivallarına ev sahibliyi etməsi və onun zəngin tarixi, mədəniyyəti, gözəl guşələri, əsrarəngiz təbiəti haqqında tanıtım filmlərinin və o cümlədən qlobal mina problem ilə bağlı insan hekayələrinin hazırlanması təşəbbüsü də müzakirə olundu.

Qeyd edək ki, bir həftə boyunca ölkəmizdə səfərdə olacaq qonaqların digər rəsmi qurumlarla görüşləri və region səfərləri nəzərdə tutulub.