Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı Həkəri çayı üzərində qurulan "Laçın" sərhəd-buraxılış məntəqəsinədək etnik ermənilərin avtomobil yürüşünü müşayiət etməkdən boyun qaçırıb.
Ednews xəbər verir ki, bu fikirlər sülhməramlı kontingentin komandir müavini polkovnik Sazonovun Qarabağdakı qondarma "İnqilab" partiyasının sədri Artur Osipyana yazdığı məktubda yer alıb.
Məktubda deyilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarına əsasən, Rusiya sülhməramlı kontingenti avtomobillərin kortejlərdə müşayiət olunmasını, eləcə də müxtəlif əməliyyatların və toplanışların təhlükəsizliyini təmin etməyi planlaşdırmır”.
Xankəndidəki separatçı Artur Osipyan isə rus polkovnikinin məktubunu Facebook səhifəsində belə şərh edib:
"Sülhməramlıların dinc mitinqi müşayiət etməkdən imtina etməsi o deməkdir ki, sülhməramlılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir, 10 noyabr bəyanatını pozur və faktiki olaraq Qarabağı mühasirəyə alır".
Onun fikrincə, beynəlxalq sülhməramlıların cəlb edilməsi məsələsi daha da aktuallaşır.