Bakıda Malakan bağı kimi tanınan Xəqani parkının ətrafına avtomobillərlə giriş məhdudlaşdırılıb.
Ednews “avtosfer.az”a istinadən xəbər verir ki, proses bu gün başlayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əraziyə dibçəklər qoyulub. Xəqani parkını avtomobillə dövr eləmək mümkün olmayacaq. Maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər.
Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir. Bundan başqa, bir müddət sonra işin davamı olaraq həftə sonları həmin küçələrə giriş tam bağlanacaq.
Uzun müddətdir aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında, həftə sonları və axşam saatlarında "Tarqovı"ya maşınla gəlmək istəyənlərə görə Sahil metrosunun ətrafında sıxlıq yaranır.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ, bir neçə ildir, müzakirə olunurdu. Belə bir addımın atılması həm ərazidə sıxlığı aradan qaldıracaq, həm də insanların parkda və park ətrafında piyada şəkildə daha rahat hərəkət etməsinə imkan yaradacaq.