KÖNÜL HƏSƏNOVA YAZIR: İKİ ÖMÜR HAQQINDA BİR HEKAYƏ

Cəmiyyət 18:43 13.08.2024

Babamı çox sevirdim və indi də onun məni qucaqlayıb öpəndə qəhərlənməyi, onun gözlərindəki nəmi ovcumla silərək göz yaşlarının axdığı yerdən öpməyim elə bil dünən olmuşdu. Əlimdən tutub həyəti gəzərdik, susardı, arabir elə dərindən “ah” çəkərdi ki, mən istər-istəməz dönüb onun üzünə baxar və “baba, qayıdaq, gedək evə”- deyərdim. Babamın bu pərişan halının səbəbləri barədə sonralar anam danışardı və deyilənləri diqqətlə dinləyərdim. Onda artıq babam yox idi və mən onun çəkdikləri ahın və bu dünyadan erkən getməyinin səbəbləri barədə təzə-təzə nələrisə bilir, itirdiyi Vətənin həsrətilə dünyasını tərk etdiyini öyrənirdim.

Bunları anam danışır, mənim isə düşmənə olan nifrətim son həddinə çatır, nə edəcəyimi bilmirəm. Axı babamın, babam kimi minlərlə insanın nə günahı vardı ki?! Anam aramla o günləri xatırlayır: 1988-ci ilin payızı, yox lap dəqiq desəm, 1988-ci il oktyabr ayının son günləri idi. Camaat arasında vahimə dolu çaxnaşma düşmüşdü. Hamı arasında bircə mövzu ətrafında söhbət dolaşırdı: Dərələyəz mahalında yaşayan bütün azərbaycanlıları uşaq-böyük demədən hamısını çıxarırlar. Niyə çıxarırlar? Kim çıxarır? İndi nə edək? İlahi, Sən özün kömək bizə! Qızım, atan, əmin yük maşını tutub Dilican tərəfdən qorxulu, hər dərədə, hər kolun dibində bir əlisilahlı “saqqallı”nın dayandığı yollarla Dərələyəzə – atasını, qardaş-bacısını gətirməyə getdilər. Mən qorxurdum, hər an hər şey ola bilərdi. Həmin vaxt eyni məqsədlə Dərələyəzə gedənlərin yolda saqqallı ermənilər tərəfindən öldürülməsi barədə xəbərləri çox eşidirdik. Beləcə, atan və əminin yola düşdüyü vaxtdan günlər keçir, onlardansa heç bir xəbər yox idi. Gecənin birində səhərə yaxın qapımızda bir maşın dayandı. Onda biz Mehdiabadda yaşayırdıq. Hay-küy və ağlaşma səsinə çölə çıxdıq. Maşının banında ev əşyaları, kabinəsində isə bütöv bir ailənin üst-üstə qalandığını görmək onların hansı vəziyyətdə gəlməsindən danışırdı. Payızın soyuq günləri, qışın ilk əlamətlərinin özünü göstərməsinə baxmayaraq onlar elə ev paltarındaca maşına doluşmuşdular. Hansı əzablarla deyə bilmirəm, onu o uşaqları görənlər bilər, onların ağlaya-ağlaya maşından düşüb evə girdikləri gözlərimin önündən getməyib. Atanla əmin, bir də sürücü maşını boşaldırdılar. Ev əşyalarından yığıb gətirə bildiklərini ehmallıca, zədələnmədən götürür, həyətimizdəki qarajın qabağına yığırdılar. Bu məqamda mənim nəzərimi bir-birinə bağlanmış dördayaq (duvax), oxlov cəlb etdi. Mən nə baş verdiyini anışdıra bilməyən adamlar kimi donuxub bir tərəfdə qalmışdım. Əslində, dağdan ağır qaynatamı əzizləməli, onun rahatlığı üçün çalışmalı idim, amma qəfildən gözümə sataşan və iki daşın arasında çəkib xatirələrin yanına aparan dördayaq və oxlovla danışırdım.

Mən təəccüblə anama baxdım. Anamsa gözlərini bir nöqtəyə zilləmişdi və eləcə də sözünə davam edirdi: “Bu oxlov-duvaq bir ailənin çörəyini bişirərdi. Təndirəsərlərdə çölün-bayırın çır-çırpısından gətirib təndiri qalayar, qız-gəlin yığışar, geniş süfrələr açar, obaşdan qırmızı buğdadan üyüdülmüş undan xəmir yoğurar, üstünü möhkəm-möhkəm basdırar və xəmirin acımasını gözləyərdilər. Aradakı vaxtı boş keçirməmək üçün iş axtarmaq lazım gəlmirdi, həmin vaxt ilkin olaraq təndirin üstündə məxsusi düzəldilmiş güncdəki çaydanda qaynayan sudan dəmlənən çay içilərdi. Bundan sonra yoğrulmuş xəmir süfrələrə gətirilər, dördayaqları qoyub üstündə kündə edərdilər. Kündələrin arasına un səpib qalaq-qalaq yığardılar, üstünü isə səliqəli ağappaq örtüklə örtərdilər, təndirin odu isə öləziməkdə olardı. Bu məqamı gözləyən çörəkbişirən qadın qollarına qolçaq geyinər, rəfətəni dizinin üstünə qoyar, təndirin qıpqırmızı qızarmış badını yaş əski ilə bir-iki dəfə silərdi. Qızlar da öz işində, duvaxların üstündə vərdənə yayılar, bir az sonrasa vərdənələr qulac-qulac lavaşlara çevriləcəkdi. Lavaşı təndirə vuran qadın köpəşimiş, bir qədər qızarmış lavaşları təndirdən çıxarar, qarşı tərəfə çin-çin yığardı. O, aradabir külfəni açıb təndiri nisbətən soyutmağı yaddan çıxarmazdı. Təndirarası isti dəstanalardan sapsarı inək yağında döyməncin döyülməsi isə adət halını almışdı. Lavaşlar biririlib yığılandan sonra qız-gəlin deyə-gülə döyməncdən yeyər, yenə işlərinə davam edərdilər. Beləcə gün başa çatardı və bütün bunlardan sonra xüsusən uşaqların hər dəfə təndir qalananda gözlədikləri məqam yetişərdi, məftilə düzülmüş şəkər çuğundurları təndirin öləzimiş közünə atılardı. Evin xanımı da öz işində idi. O, duvaxları, oxlovları təmiz əski ilə silib bir kənara yığar, qat-qat tığılanan lavaşlardan qız-gəlinlər üçün pay tutardı. Mənim üçün çoxdan doğmalaşan və hətta tez-tez onlar üçün darıxdığım oxlov-duvax bir evin yox, həmin evdə böyüyən hər kəsin azuqəsi kimi gəlir mənə. Onları görəndə gəlinliyimi, Dərələyəzdə keçən günlərimizi xatırladım, qızım. Bunlar mənə çoxdan doğmalaşan oxlov-duvax idi. İndi o da yetim qalmışdı. Gəl, qızım, kömək elə, onları əl dəyməyən bir yerə qoyaq”.

Mən anamın sözlərlə yaratdığı mənzərədən o qədər xoşhal olmuşdum ki, istəyirdim anam bu söhbəti davam etsin. İndi xətrinə dəymirəm, əziyyət vermirəm. Amma günün birində belə suallardan anama ünvanlayacağımı da bilirəm.

 

Anam kövrəlib susur, amma bu susqunluq elə də uzun çəkmir, babamın Ələyəzdəki evindən danışır, o həyətdəki təndirəsərdən danışır, o təndirdən ki, atam həmin təndirdə bişən çörəklə böyüyüb.

 

Anam danışdıqca gözlərimin qarşısına babam Əyyub Müseyib oğlu Hüseynov gətirirəm. O, Dərələyəz mahalının sayılıb-seçilən ziyalılarından biri olub. Onu deyim ki, babam indi mənim çalışdığım ADPU-nun Filologiya fakültəsinin məzunu olub. Sonralar öz doğma kəndi Ələyəzdə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib, yüzlərlə yetirmələri respublikamızın müxtəlif bölgələrində çalışaraq onun yolunu davam etdiriblər. Respublikamızın müxtəlif guşələrində deməkdə yanılmadım, çünki orta məktəbi bitirən, Bakıda və müxtəlif şəhərlərdə ali təhsil aldıqdan sonra vətənə qayıdan gənclər öz doğma yurdlarında müxtəlif bəhanələrlə sıxışdırılır, onların inkişafına yol verilmirdi. Bir sözlə, onlar sükutlu təzyiqlərin məngənəsinə düşür, özlərinindəki potensialı ortaya qoymaq üçün yollar axtarmaq məcburiyyətində qalır, müxtəlif bölgələrdə öz işlərini davam etdirirdilər. Deyim ki, onların əksəriyyəti özlərini təsdiq edə bildi. Həmin admların çoxu üçün 1927-ci il iyulun-də Dərələyəz mahalının Ələyəz kəndində anadan olan Əyyub babam bu gün də dəyərli müəllim kimi qalıb. Onun qaynatası Bayramqulu Dərələyəzin tanınmış ziyalılarından, sözü keçən ağsaqqallarından idi. Babamın fəaliyyətinin çox hissəsi sonralar Yeğeqnadzor adlandırılan Keşkənd rayon Təhsil Şöbəsinin inspektoru kimi keçib. İşini bilən, sayılıb-seçilən, ancaq rayonumuzda deyil, bütün mahalda hörmət-izzət yiyəsi olan Əyyub babam qaçqınlıq həyatını sinirə bilmədi. O, 63 yaşında üz çevirib bu dünyadan gedəndə- 1990-cı il yanvar ayının 18-də artıq mənim 3 yaşım var idi. Babamın söhbətlərindən bəziləri yadımdadır. Hələ o vaxtlar mənim çox da dərk etmədiyim məsələləri anam sonralar təfərrüatı ilə danışırdı.

Anam deyir ki, həyətimizdəki armud ağacının altında çay süfrəsi açmışdım. Baban süfrə arxasında oturub bizi gözləyirdi. Onu deyim ki, 2 əmin, 1 bibin olanda nənən Rəhilə dünyasını dəyişib. Sənin atan onda 6-7 yaşında olarmış. Təmkinli, vüqarlı Əyyub müəllim uzun zaman ailə qurmur, övladlarına öz bacıları baxır. Sonralar məsləhət görürlər ki, bu cür olmur, evlən. Ağbirçəklərin məsləhəti ilə babam Gülüş nənə ilə evlənir. 3 övladı Səidə, Ayna, Malik dünyaya gəlir. Yəni babanın həyatı da təlatümlü, əziyyətli olubdur. Hamı süfrədə əyləşəndən sonra baban aram-aram, özünəməxsus ləngərlə sözə başladı: deyirəm, yadınızdan çıxmasın, ölüm- itim dünyasıdır. Bu ermənilərə inanmaq olmaz, onlar öz işlədiyimiz halal əməkhaqqımızdan hər ay tutub Eçmiədzinə köçürürdülər. Guya kilsəyə kömək idi bu. Sən demə, öz pulumuzla silah alıb özümüzə tuşlayacaqmışlar. Süfrəmizdə əyləşib bizə düşmən kəsildilər, gəmiyə minib, gəmiçi ilə yola getmədilər, “özümə yer edim, gör sənə nələr edəcəyəm”- dedilər. Ev-eşiyimizə, var-dövlətimizə yiyə çıxdılar, bizi pərsəng saldılar, qəbirlərimizi girov qaldı, bala! Biz necə qayıdacağıq həmən yerlərə, bu beləcə nə vaxta qədər qala bilər? Onların havadarları- ilana zəhər verən kərtənkələlər çoxdur, gözümüzün içinə baxa-baxa silahlandırdılar, bu nankorlar isə etdiklərinin cəzasını görmədikcə həyasızlaşdılar. Onlar üçün uydurulan yalanlarlara inanıb ömrü boyu xəyallarında qurduqları “Böyük Ermənistan” sevdası ilə yol getdilər, həqiqəti deyən azsayda özününkülərini daşqalaq etdilər. Dünya malı üçün şeytana yoldaş olan alimləri, siyasətçiləri onları qəflət yuxusundan ayıltmaq əvəzinə, zəhər üstündən zəhər içizdirdilər, guya ki, dünyada hərşeydən üstün bildikləri xalqı qaynar qazanın içinə atdılar. Xalq bu yalanların içində çırpınır. İndi görərsiniz, bala, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstündə qalar, ayranı ayranlıq olacaq”. Bu bədbəxt xalq nə zamansa ayılacaq, hesab-kitab soracaq, amma onda gec olacaq, çox gec. İlahi, sən özün bu işləri yoluna qoy!- dedi və susdu. Süzülən çaylar soyumuşdu. Gülüş nənə ağlayırdı. Bibilərim bikef idi. Mən əmim Malikə “Balik” deyirdim. Balikin də gözləri dolmuşdu. Babamgil ailəliklə 2 il bizim evdə qaldı. Sonra Bakıxanov qəsəbəsində ev aldılar. Babam Ələyəzdəki evi bir erməni ilə dəyişmək istədi. Ona görə bir neçə adamla guya ki, sülh yaratmaq üçün bölgədə peyda olan rus ordusunun bir qrup hərbçisinin müşayiəti ilə Ələyəzə gedən və bir həftədən sonra qayıdan babam heç nə əldə edə bilmədiyini söyləyir. Babamdan Ələyəz haqqında qalan son xatirə isə bunlardır və onları tez-tez xatırlayıram: “Biz rus tanklarının müşayiət etdiyi hərbi maşınlarla Dərələyəzə gedirdik. Bu vəziyyətdə getməyimizdən o qədər təsirlənmişdim ki, daha ev filan da gözümdə deyildi. Sadəcə son dəfə doğma yurdun havasını alım, doyunca bir də baxım deyə, özümə təsəlli verirdim. Beləcə gəlib Ələyəzə çatdıq. Əli avtomatlı rus əsgərləri bizi məktəbin qabağına apardı. Bacım Qəmzənin evi məktəbə yaxın idi. Boş olduğunu bilə-bilə onların həyətinə boylandım. Ağ pişik həyətdəki qoz ağacının dibindəcə oturub naməlum bir nöqtəyə baxırdı. Sanki diksindim və üzümü döndərdim. Növbə mənə çatdı, mən, bir rus əsgərinin müşaiyəti ilə həyətimizə tərəf getdim. Uzaqdan evin qapısının açıq olduğunu gördüm. Düşündüm ki, “xaraba qalsın”- deyə bir söz varmış ha, bax, o səhnə bu imiş. Sarı inək həyətin ortasında dayanıb, hərdən açıq qapıya tərəf boynunu uzadıb mələyirdi. İlahi, bu türkürpədən mənzərə məni niyə orada öldürmədi?! Necə oldu ki, sağ qaldım?! Mənim də ürəyim daşdanmış ha! Qayıtdım. Məktəbin həyətinə döndüm. Sonra məndən nə soruşdular bilmirəm, ağzımdan təkcə bir söz çıxdı: Nə satmıram, nə də dəyişmirəm.

 

O yadıma gəlir ki, kəndimizə etdiyi sonuncu səfərdən sonra babam evə qapandı. Yanına gələnlərə, qaçqın düşmüş elinə isə “mən gördüyümü gördüm”-deyirdi. Daha babamın həyətdəki armud ağacının altında oturub kitab oxuduğunu da görmədim. Bir müddət sonra o, dünyasını dəyişdi.

Onu Mehdiabad qəbiristanlığında dəfn etdilər. İllər keçəcək və cavan yaşında qəfil vəfat edən atam babama əbədi qonşu olmaq üçün onun yanına köçəcək.  

Könül Həsənova

filologiya üzrə fəlsəfə doktoru, dosent

ADPU – Filologiya fakültəsinin dekanı

Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Xəbər xətti

Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib
00:00 29.08.2024
DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb
23:41 28.08.2024
Sabah Lerikin 42 kəndində qaz kəsiləcək
22:40 28.08.2024
Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub
22:00 28.08.2024
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
21:32 28.08.2024
Ekspert: "Transxəzər dəhlizi Hind okeanından keçən ənənəvi dəniz yoluna etibarlı alternativdir"
21:00 28.08.2024
Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub
20:50 28.08.2024
Agentlik vətəndaşa xəstə qoyunlar verib?
20:33 28.08.2024
Türkiyədə siyasi partiyaların sayı 151-ə çatdı
20:00 28.08.2024
Pavel Durov həbsdən azad olundu - Təcili
19:31 28.08.2024
“İslami Cihad” hərəkatının üzvü öldürüldü
19:00 28.08.2024
Deputat yanğın söndürür... - Fotolar - Video
18:35 28.08.2024
Zaxarova: Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır
18:28 28.08.2024
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
10:25 28.08.2024
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
10:04 28.08.2024
Müharibə döyüş taktikasında inqilab etdi - Medvedyev
00:00 28.08.2024
Ermənilərin “Arbat” batalyonu döyüşə qatıldı
23:40 27.08.2024
Ceyhun Bayramov: Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir
23:00 27.08.2024
COP29-un Təşkilat Komitəsinin sədrinin rəhbərliyi ilə Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər
22:37 27.08.2024
Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq
22:00 27.08.2024
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək
21:33 27.08.2024
Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq
21:00 27.08.2024
Azərbaycan XİN başçısı: Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
20:40 27.08.2024
Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
20:00 27.08.2024
Rusiya Ukraynanın bu şəhərini də işğal etdi
19:44 27.08.2024
Türkiyədə azərbaycanlı sabiq deputat vəfat etdi
19:22 27.08.2024
Yaponiyada 230-dan çox aviareys ləğv olunur
19:00 27.08.2024
Gürcüstan prezidenti rəsmi olaraq parlament seçkilərini oktyabrın 26-na təyin edib
18:40 27.08.2024
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
18:11 27.08.2024
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
18:00 27.08.2024
Ukrayna səfiri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Ukrayna səfiri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
17:40 27.08.2024
Polşalı məşhur qapıçı karyerasını başa vurub
17:20 27.08.2024
Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq
Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq
17:11 27.08.2024
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
16:00 27.08.2024
BPA-nın Baş katibi: 400-dən çox xarici qonaq Azərbaycana səfər edəcək
15:30 27.08.2024
Kreml: Durovun işi siyasi xarakterli ola bilər
15:00 27.08.2024
Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib
Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib
14:30 27.08.2024
Muxtar Babayev Tonqanın Baş naziri ilə görüşüb
Muxtar Babayev Tonqanın Baş naziri ilə görüşüb
14:00 27.08.2024
Bakıda ərini öldürməyə cəhd etməkdə şübhəli bilinən qadın saxlanılıb
13:25 27.08.2024
Füzulidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək
Füzulidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək
13:00 27.08.2024
Hamısı