Beynəlxalq Cinayət Məhkəməsi Əfqanıstanda insanlığa qarşı edilən hərbi cinayətlərin araşdırılmasına başlamaq niyyətindədir. Bu cinayətdə Amerika hərbçiləri şübhəli bilinirlər.
"Eurasia Diary" Foreign Policy jurnalına istinadən xəbər verir ki, prokuror Fatu Bensuda Amerikada prezident seçkilərindən sonra araşdırmalara başlayacaq və ilin sonuna kimi yekunlaşdıracaq. Jurnalın məlumatına görə, Amerika hakimiyyətinin nümayəndələri araşdırmaların vaxtını dəqiqləşdirmək və bəzi məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Haaqaya səfər ediblər.
Mütəxəssislər 2003-2005-ci illərdə amerikalı hərbçilərin Əfqanıstanlı vətəndaşlarla davranış qaydalarını araşdıracaqlar.
Qeyd edək ki, ABŞ "Taliban" rejiminin devirilməsi və "Əl-Qaidə" terrorçularıyla mübarizə üçün 2001-ci ildə Əfqanıstana qoşun yeridib. Qoşunlar 2014-cü ildə Əfqanıstandan tamamilə çıxarılacaqdı. Lakin Kabul höküməti təhlükəsizlik məsələlərinə kömək etmək üçün Amerika kontingentinin bir hissəsinin Əfqanıstanda qalmağını xahiş edib.