ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox “Qazprom” şirkəti ziyan çəkəcək.
Bu sözləri ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların bu ölkəyə təsirini şərh edən politoloq Elxan Şahinoğlu deyib:
“Birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan “Qazprom” nəhəng layihələrini xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırıb. Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq.
İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə “Qazprom”dur. Demək, Rusiyaya qarşı sanksiya elə “Qazprom”a qarşı sanksiya deməkdir”.
Ermənistanın tamamən “Qazprom” şirkətinin idxalından asılı oldğunu qeyd edən siyasi şərhçinin sözlərinə görə, “Qazprom” ABŞ sanksiyaları və siyasi səbəblər üzündən Ermənistana satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq.
E.Şahinoğlu ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını sərtəşdirməsinin Azərbaycana təsirlərindən də söz açıb:
“Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların qazancı azalacaq.
İkincisi, kənd təssərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq. Odur ki, Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq. Məsələnin siyasi tərəfi də var. Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün vacibdir”.