ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçar Hoqlandı əvəz edəcək Endryü Şofer öz missiyasına gələn həftə başlayacaq. Hoqlandın ötən həftə 6 prinsipdən ibarət Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həll planını elan etməsi birbaşa ABŞ-ın Qarabağ münaqişəsinə yeni yanaşmasından xəbər verir.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, amerikalı diplomatın belə bir təkliflə çıxış etməsi İrəvana mesajdır:
“Yeni amerikalı həmsədr bu prinsipləri rəhbər tutaraq, danışıqlara başlayarsa, konfliktin həllində yeni səhifə açılacaq. Hoqlandın sentyabrda BMT Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü qabağı belə bir həll variantı ilə çıxış etməsi rəsmi İrəvana mesajdır. Çünki Ermənistanın hazırkı siyasəti status-kvonu qorumaqla Rusiyanın regionda hərbi-siyasi mövqeyini gücləndirir. Təbii ki, Sərkisyanın bu siyasəti ABŞ-ın Cənubi Qafqazdakı geosiyasi maraqlarına cavab vermir. Sentyabrda XİN başçılarının görüşündə amerikalı yeni həmsədr iştirak edəcək və çalışacaq ki, danışıqlar Hoqlandın elan etdiyi prinsiplər əsasında davam etdirilsin. Vurğulamaq lazımdır ki, Azərbaycan ABŞ-ın “Madrid prinsiplərinə” yaxın elan edildiyi həll variantı istiqamətində danışıqlarda maraqlıdır. Bu, münaqişənin “mərhələli həll” variantı deməkdir”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl mətbuat qarşısında çıxış edərkən Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışmışdı.(axar.az)