Avropa Şurası mükəmməl təşkilat deyil. Bunu qəbul edirik. Ancaq Azərbaycanın Avropa Şurasını tərk etməsini doğru qərar saymıram.
Bu sözləri politoloq Elxan Şahinoğlu Avropa Şurasında Azərbaycana qarşı müəyyən qərəzli fəaliyyətin nəticəsi olaraq ölkəmizin bu qurumdan imtina etməsi barədə səsləndirilən versiyaya münasibət bildirərkən qeyd edib. Politoloq bildirib ki, bu mötəbər təşkilatdan vaz keçməli deyilik:
“Azərbaycan bu quruma 2001-ci ildə qəbul olunub və bunun baş verməsi üçün mərhum dövlət başçısı Heydər Əliyev xeyli danışıqlar aparıb, müxtəlif nümayəndə heyətləri ilə görüşləri olub və nəhayət, Strasburqda çıxış edib, təşkilata üzvlükdən məmun qaldığını bildirib. İndi bu qədər əziyyətdən sonra Avropa Şurasından çıxmaq Azərbaycana hansı üstünlük qazandıracaq? Qazanan Ermənistan olacaq. Çünki Azərbaycanın iştirak etmədiyi mötəbər təşkilatda əleyhimizə qərarlar qəbul etdirəcək, bizim arqumenti isə səsləndirən olmayacaq. Heydər Əliyev məhz buna görə Azərbaycanın Avropa Şurasında üzvlüyünə çalışırdı ki, bu meydanda Ermənistanın cavabı verilsin, bizi də eşitsinlər”.