Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Turan Rzayev ABŞ-ın müttəfiqləri ilə Suriyaya hücumunu Eurasia Diary-ə şərh edib.
"Bildiyiniz kimi Hava hücumlarını 3 dövlət - ABŞ, Fransa və Böyük Britaniya həyata keçirib. Əslinə baxsaq, bu hücum öncədən gözlənilirdi. İstər ABŞ Prezidenti Donald Trampın çıxışları, istərsə də, Suriyada nufuz yarışında Rusiya tərəfinin tədricən üstünlüyü ələ keçirmək istəyi. Düşünürəm ki, bu hücum iki məqsəd daşıyırdı. Birincisi, Rusiyaya və İrana göz dağı vermək. İkincisi isə, Böyük Britaniya və Fransa arasında soyuyan münasibətləri yenidən canlandırmaq", deyə ekspert münasibət bildirib
Ekspertin sözlərinə görə, Böyük Britaniya və Fransa arası siyasi əlaqələr Britaniyanın Avropa İttifaqından çıxma qərarından sonra olduqca soyuqlaşmaqda idi. Bu isə olduqca ciddi problemdir. Çünki, Avropa Birliyi daxilindəki çatlaqların görülməsi Rusiya, Çin, Türkiyə, İran kimi ölkələrin siyasi üstünlük səylərini artırmaqda motivasiya edə bilər. Yəni Fransa və Böyük Britaniyanı ABŞ əməliyatlara qoşmaqla həm Fransa və Böyük Britaniya hərbi-siyasi əməkdaşlığına yeni bir nəfəs vermək, həm də Rusiyaya göz dağı vermək məqsədi güdür.
Qeyd edək ki, aprelin 14-də səhər ABŞ, Fransa və Böyük Britaniya Suriyanın iki obyektinə zərbə endiriblər. Müttəfiqlərin fikrincə, Suriya həmin obyektlərdən kimyəvi silah istehsalı üçün istifadə edib.