Politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mövzusunun qəfil ortaya atılmasının arxasında hansı səbəblərin dayandığı barədə yazıb.
O, qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılır. Bu haqda blokun mətbuat xidmətinin avqustun 20-də yaydığı rəsmi məlumatda bildirilir. Məsələ burasındadır ki, Azərbaycanda bu mövzu avqustun 20-dən öncə ortaya atılmışdı.
Politoloqun dediyinə görə təşkilat daxilində müşahidəçi və tərəfdaş statuslu ölkələrin varlığı haqqında xəbəri daha öncə Bakıya ötürüblər və bundan sonra cəmiyyətin nəbz yoxlamasına start verilib. Ardından Rusiyanın Azərbaycandakı yeni səfiri geniş mətbuat konfransı keçirərək "Azərbaycanın qərarlarına hörmətlə yanaşırıq" kimi bol-bol açıqlamalar verdi.