İrəvana getmək istəyən azərbaycanlılar... | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


İrəvana getmək istəyən azərbaycanlılar...

Ekspert rəyi A- A A+

Zaxarova Azərbaycanı tənqid etmək “imkanı” əlinə düşəndə, bu fürsətdən çox “fədakarlıq”la yararlanır.

Eurasia Diary xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu, bir tərəfdən həmin xanımın mahiyyətindən doğan bir hadisə olmaqla bərabər, həm də onun öz şefi Lavrova yarınmaq istəyindən irəli gəlir:

“Ümumiyyətlə, Zaxarova o qədər də intellektual və bölgədəki prosesləri dərindən bilən biri olmadığına görə burada gedən proseslərə qiymət verməyi də bacarmır. Qiymət verərkən isə subyektiv olaraq, hər zaman Ermənistanın yanında dayanır. Bunu hətta siyasətdən o qədər də başı çıxmayan adamlar da sezə bilər. Zaxarovanın Azərbaycana buraxılmayan erməni mənşəlilər haqda “Rusiya vətəndaşları” deyərək, hay-həşir salmaqla yenə də erməni təəssübkeşliyini nümayiş etdirib. Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar ata bilər bu bu. tam qanuni olmaqla bərabər, həm də ölkəmizin suveren hüququdur. Əgər 1941-ci ildə almanlar Moskvaya gəlsəydi, ozamankı sovet dövrünün rəhbərliyi onları Moskvaya buraxardılarmı?!”

Politoloq vurğulayıb ki, artıq Rusiya vətəndaşı olan ermənilərin “dəstə-dəstə” Bakıya gəlmək istəməsi ənənəyə çevrilib:

“Vaxtı ilə Bakıda olmuş və ya bu gün erməniləri Dağlıq Qarabağda törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına görə pisləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və qanunlarımıza hörmət edən ermənilərin ölkəmizə gəlməsinə Azərbaycan dövləti heç vaxt etiraz etməyib və onları Azərbaycana buraxıb. Məsələn, Ukraynadan olan erməni tarixçi Filip Ekozyants Azərbaycana gəlmək istəsə, biz ona niyə şərait yaratmayaq?! Amma tanınmayan, bilinməyən hər hansı bir erməninin Bakıya gəlib burada provokasiyalarla məşğul olmayacağı, müxtəlif xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməyəcəyini hardan bilək?! Ona görə də Zaxarovanın bu barədə açıqlamaları əsassızdır, heç bir hüquqi normaya sığmır və daha çox qərəzdən irəli gəlir”.

Politoloqun sözlərinə görə, vaxtilə Ermənistanda doğulub-yaşamış və öz yurd-yuvalarını görmək istəyən kifayət qədər Rusiya vətəndaşı olan azərbaycanlı var:

“Onlar heç olmasa ata-babalarının qəbirlərini ziyarət etmək, vaxtı ilə yaşadıqları kənd və şəhərlərə getmək arzusundadır. Onları Ermənistana buraxırlarmı? Rusiya vətəndaşlığı almış və vaxtı ilə Ermənistanda yaşamış azərbaycanlıların öz doğma yurd-yuvalarını görmək istəyini Ermənistan tərəfi hər dəfə müxtəlif bəhanələrlə rədd edir və bildirir ki, Ermənistan ərazisində onların təhlükəsizliyini təmin edə bilməz. Amma nədənsə, bu məsələ Zaxarovanı narahat etmir.

Başa düşülməlidir ki, hər iki dövlət arasında indiyə qədər ciddi müharibə gedib, erməni qəsbkarları bizim torpaqlarımızı işğal edib, 1 milyondan artıq insanı yurd-yuvasından didərgin salıb. İndi belə şəraitdə vaxtı ilə Bakıda və digər regionlarımızda yaşamış və sonradan Rusiyaya köç etmiş ermənilərin Azərbaycana buraxılmamasında hökumətimiz tamamilə haqlıdır. Birincisi, Azərbaycanda onların təhlükəsizliyinə tam təminat vermək mümkün deyil. İkincisi isə həmin adamların hansi niyyətlərlə ölkəmizə gəlmək istədiyini də aydınlaşdıra bilmərik. Ukrayna, Rusiya, Fransa vətəndaşı olan hər ermənini ölkəyə buraxıb, sonra da oların arxasında mühafizəçi qoymaq da mümkün deyil. Dünyəvi dövlət olsaq da, müharibə şəraitində olduğumuz ölkənin əhalisinə mənsub olan insanlarla ehtiyatlı davranmağa və daxili təhlükəsizliyimizi qorumağa məcburuq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftəsonu keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasını “qanunsuzluq” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...