Nazarbayev son müraciətində olduqca maraqlı məqamlara toxunub.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkə hökumətini istefaya göndərməsinə münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bütün çatışmazlıqları ilə Nazarbayevin ölkəsi üçün strateji işlər gördüyünü düşünür:
“Nazarbayev iki il öncə Konstitusiya islahatları keçirərək baş nazirin timsalında Nazirlər Kabinetinin, vilayət (yerli) hakimiyyətlərinin və parlamentin səlahiyyətlərinin artırılmasına imza atdı. Bu gün isə qazax lider hökumətin istefaya getməli olduğunu bəyan etdiyi müraciətində maraqlı məqamlara toxunub. O bildirib ki, bütün islahatlar kiçik və orta biznesin iqtisadiyyatda rolunun artımı, dövlət sektorunun payının ixtisarı ilə nəticələnməli, banklar “təmizlənməli”, hüquq-mühafizə və məhkəmə sisteminə etimad yüksəlməlidir, Qazaxıstanın iqtisadi artımının əsasən xammal sektoru hesabına təmin edilməsi bitməlidir. Hər halda az qala 30 il ölkəsini sərt üsullarla yönəldən lider üçün bunlar çox maraqlı etiraflardır. Bütün çatışmazlıqları ilə Nazarbayevin ölkəsi üçün strateji işlər gördüyünü düşünürəm. Hesab edirəm ki, Rusiyanın təsiri zəifləyən kimi Nazarbayevin qoyduğu bünövrə Qazaxıstanı güclü bir ölkəyə çevirəcək”.