Azərbaycanın substantiv danışıqların Madrid prinsiplərinə uyğun olaraq keçirilməsinə, yəni Qarabağ məsələsinin mərhələli şəkildə həllinə dair gözləntiləri var.
Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloq bildirib ki, buna görə də İrəvan artıq konkret mövqe ortaya qoymalıdır:
“Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində dörd, dövlət rəhbərləri səviyyəsində qeyri-rəsmi üç görüş baş tutub. Bu görüşlər əsasən tərəflərin münasibəti və mövqelərin araşdırılması istiqamətində idi və konkret olaraq məsələnin həlli öz əksini tapmadı. İndiyə qədər keçirilən görüşlərdə vətəndaşların sülhə hazırlığı, regional inkişafla bağlı mühüm addımların atılması istiqamətində bir sıra məqamlara aydınlıq gətirilib. Lakin qeyri-adekvat çıxışları ilə yadda qalan Paşinyan separatçı qüvvələri üçüncü bir subyekt kimi danışıqlara cəlb etməyə cəhdlə sülh prosesini ləngidib. Təbii ki, Azərbaycan da İrəvanın bu absurd cəhdlərini boşa çıxarıb. Ancaq Paşinyanın vaxtı tükənib və o artıq mövqeyinə aydınlıq gətirməlidir. Çünki apreldə Paşinyanın hakimiyyətə gəlməsinin ildönümüdür və o hesabat verməlidir”.
Ekspert Bakının qarşıdakı danışıqlarda İrəvanı mövqeyini konkretləşdirməyə məcbur edə biləcəyini deyib:
"Azərbaycan suveren əraziləri işğala məruz qalan və 1 milyon qaçqını olan tərəfdir. Bakının istəyi işğalçıların torpaqlarımızı dərhal boşaltması və bununla da danışıqların digər mərhələsinin başlanmasıdır. Azərbaycan birmənalı şəkildə bütün prinsipləri nəzərdən keçirib və öz ərazi bütövlüyü çərçivəsində sülh danışıqlarına hazırdır. Əks təqdirdə bütün məsuliyyət Ermənistanın üzərində qalacaq. İrəvan unutmamalıdır ki, Azərbaycan məsələnin hərbi yolla həllini də bir varinat olaraq gündəmdə saxlayır və bu indiki reallıqda tamamilə mümkündür. Azərbaycan bu varinatı 2016-ci ildə sınaqdan keçirib və ölkəmizə hər hansı bir irad tutulmayıb”.