"Mübariz Qurbanlının bu təşəbbüsü dinin dövlət tərəfindən tədrisi məqsədini daşıyır" - Ekspert | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


"Mübariz Qurbanlının bu təşəbbüsü dinin dövlət tərəfindən tədrisi məqsədini daşıyır" - Ekspert

Ekspert rəyi A- A A+

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.  

Bununla bağlı olaraq, araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli Eurasia Diary-ə açıqlama verib.

Dini Komitənin sədri Mübariz Qurbanlının bir neçə gün əvvəl ali məktəblərdə dinin tədris olunması ilə bağlı verdiyi açıqlama çox gözəl bir təşəbbüs idi. Mübariz Qurbanlının bu təşəbbüsü Azərbaycanda ali məktəblərdə insanların dini dövlət tərəfindən öyrənməsi məqsədini daşıyır.

Hamımız bilirik ki, Yaxın Şərqdə baş verən proseslər istər-istəməz Azərbaycanda da bəzi dindarların həyat tərzinə təsir edir. Radikal qruplaşmalara qoşulanlar arasında azərbaycanlılar da var. Ən yaxşısı da budur ki, Azərbaycan vətəndaşı dini öz dövlətindən öyrənsin. Çünki dinin düzgün təbliğ olunmadığı şəraitdə radikallıq güclənir. Təhsil Nazirliyi də verdiyi açıqlamada bu məsələlərə diqqətlə yanaşdığını göstərir və dərsliklərin təkmilləşdirilməsi qərarı müsbət haldır.

Qəribə burasındadır ki, dinin ali məktəblərdə tədrisinə etiraz edənlər özünü sekulyar sayanlardır. Sekulyarizm və dünyəvilik tərəfdarı olanlar ilk növbədə bu təşəbbüsü alqışlamalı idilər. Birincisi, ali məktəblərdə dinin tədris olunması deyildikdə, ali məktəblərdə ruhanilərin müəllimlik etməsi nəzərdə tutulmur. İkincisi, din tədris olunan zaman təkcə İslam dini tədris olunmayacaq və dinlər haqqında geniş məlumat veriləcək. İslam dini tədris olunsa belə, buna qarşı çıxmağın mənası yoxdur. Çünki İslam Azərbaycan tarixinin mənəvi dəyər olaraq yaşadığı bir dindir. Həmçinin, Azərbaycan təhsilinin dünyəvi model əsasında qurulması bu təhsilin və dövlətin ateist olması anlamına gəlmir. Dünyəvilik - inanclı insanın öz ibadət və inancını sərbəst şəkildə yerinə yetirmək üçün şəraitinin olduğu, inancı olmayanın da inancı olana sayğı ilə yanaşmasını tələb edən bir haldır. Ona görə də etiraz etmək anlaşılan deyil.

Bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Və bu, təşəbbüs irəli sürülən kimi həyata keçiriləcək bir qərar deyil. Əgər dövlət ali məktəblərdə dinin tədrisi ilə bağlı qərar verirsə, onun baza hissəsinə də fikir verəcək və təkmilləşdirəcək. Bu gün Azərbaycanda İlahiyyat İnstitutu artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir. İlahiyyat fakultəsi dini tədris edə biləcək kadrlar hazırlanmasında yeganə təhsil müəssisəsidir. Dini dərslərin tədrisi ilə bağlı bu məsələni ortaya atıb etiraz edənlər Bakı İslam Universiteti ilə analogiya aparmaq istəyirlər. Bu universitet Azərbaycanda müəllim kadrı hazırlamır. Bakı İslam Universiteti birmənalı şəkildə ruhani hazırlayır və onların da fəaliyyət istiqamətləri ali və orta məktəblər deyil, məscidlər və ona uyğun ibadət yerləridir.

İslam dini bizim mənəvi dəyərimizdir və kiminsə etirazı ilə Azərbaycan öz mənəvi dəyərindən imtina etməyəcək. Amma ali və orta məktəblərdə tələbə və şagirdlər dinin gerçək mahiyyətini o işin mütəxəssislərindən öyrənəndə artıq hazırlıq səviyyəsi də yüksək olur və istənilən radikal təbliğat həmin vətəndaşımıza mənfi təsir eləmir. Bu baxımdan, din haqqında məlumatı olanlar buna mənəvi dəyər kimi yanaşır və öz həyatında da radikallığa meyllənmir. Azərbaycan neçə əsrlərdir ki, müsəlman ölkəsi olaraq yaşayıb və kiminsə inanclı olub-olmamasından asılı olmayaraq, bu amil heç bir təhlükə yaratmayıb.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...