Son günlər ABŞ-Rusiya münasibətlərində baş verən yeniliklər və post-sovet məkanında müşahidə edilən gərginliklər barədə ABŞ dövlət katibinin sabiq müşaviri, politoloq Pol A. Qobl Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.
"Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları postsovet məkanında dəyişkən siyasi xətt yürüdür. ABŞ İrana qarşı yürütdüyü kampaniya əsasında Cənubi Qafqaz da daxil olmaqla dünyanın bir çox bölgələrindən sürətlə geri çəkilir" - deyən P.Qobl hesab edir ki, ABŞ öz təsirini genişləndirmək üçün Rusiya da daxil olmaqla digər oyunçulara yol açıb.
Qobl həmçinin Gürcüstanın NATO-ya daxil edilməsi prosesinin daha da uzanacağını bildirib. O, qısa zaman ərzində Gürcüstanın NATO üzvü olmasını cüzi şansla qiymətləndirir. Müsahibimizin sözlərinə görə, Gürcüstan 2008-ci ildə NATO-ya qəbul edilməli idi: "Ancaq indi ABŞ-ın NATO-ya qarşı addımlarını nəzərə alsaq Gürcüstanın şansının daha da azalacağını proqnozlaşdıra bilərik. Siyasi vəziyyət öz maraqlarının müdafiəsi naminə Qərbə bel bağlayan ölkələr üçün həqiqətən də şiddətlidir".
Paul Qobl Rusiyanın MDB daxilində qurduğu təhlükəsizlik təşkilatı olan KTMT-nin davamlılığına da toxundu. Qoble hesab edir ki, KTMT NATO-ya alternativ deyil. "NATO, Moskvanın fikirlərinin əksinə, Amerika hegemonluğunu təşviq etmək üçün bir vasitə deyil. Bu, daha çox SSRİ-nin təcavüzünə mane olmaq üçün yaradılmış bir qurum idi. Rusiyanın KTMT-si isə bölgəyə nəzarəti təmin edən bir təşkilatdır" - deyə sabiq müşavir bildirib.
P. Qobl KTMT-nin bölgədə dayanıqsız olduğunu düşünür. Onun sözlərinə görə, qısa müddətdə Rusiya bu qurum vasitəsilə bir sıra uğurlar əldə edə bilər, lakin daha uzun zamanda isə əksinə çox şey itirə bilər.
"Biz gürcülərin Rusiyaya qarşı getdiyini bilirik və Ukrayna da öz növbəsində Rusiya ilə danışıqlardan Krım və digər işğal edilmiş ərazilər qaytarılanadək imtina edib. Rusiya və Belarus arasında da bəzi gərginliklər mövcuddur, lakin burada anşlüs ehtimal çox zəifdir. Belarus müstəqilliyini qorumaqda qərarlıdır. Beləliklə, Rusiya xarici siyasətini analiz edərkən belə bir fikir qeyd edə bilərik ki, rəsmi Moskva mövcud siyasi xətt hesabına bəzi yerlərdə uğur qazanıb, lakin ümumi tendensiya aydındır: dominantlıq arzusuna görə o mövqelərini itirir".
"ABŞ-ın və Aİ-nin uğursuzluğundan dolayı Rusiya nəzarətinin önümüzdəki aylarda daha da genişlənəcəyindən qorxuram", deyərək P.Qobl yaxın gələcəkdə daha aktiv və cəsarətli bir Rusiya müşahidə ediləcəyini proqnozlaşdırıb.
Ülvi Əhmədli