"Dondurulmuş münaqişə yavaş-yavaş əriməyə başlayır" - Rusiyalı politoloq | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


"Dondurulmuş münaqişə yavaş-yavaş əriməyə başlayır" - Rusiyalı politoloq

Ekspert rəyi A- A A+
"Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi bəyanat uzun illərdir, Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir".
 
Eurasia Diary xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib.
 
Onun sözlərinə görə, bu bəyanat Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı ilk belə bəyanatı deyil: "Rəsmi İrəvan tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən tesizlərin birmənalı olmadığı hamıya məlumdur. Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağın tərəf kimi sülh danışıqlarında iştirakını irəli sürməsi də buna misaldır. Bu cür bəyanatlar Ermənistanın mövcud rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə münasibətini göstərir. Deyərdim ki, bu münasibət təkcə münaqişənin həlli prosesi ilə bu və ya digər dərəcədə bağlı olan ekspertləri deyil, regionda sülh və təhlükəsizliyi istəyən hər kəsi narahat edir. Əslində, Ermənistan tərəfinin bütün bu bəyanatları uzun illərdir, aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ona görə ki, Ermənistan və şəxsən Nikol Paşinyan tərəfindən irəli sürülən tələblər olduqca sərtdir və danışıqlar prosesinin çərçivəsindən kənara çıxır. Bundan başqa, 2016-cı ilin aprel müharibəsi faktını diqqətdən qaçırmaq olmaz".
 
"Həmsədrlər Paşinyanın bəyanatına münasibət bildirməlidir"
 
Rusiyalı siyasi ekspertin fikrincə, Paşinyanın Xankəndində səsləndirdiyi bəyanata ilk reaksiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən gəlməli idi: "Ən təəccüblüsü Ermənistan baş nazirinin məlum bəyanatına beynəlxalq müşahidəçilərin münasibətinin olmamasıdır. Məhz, ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanın bəyanatına münasibət bildirməlidirlər. Çünki bu bəyanat məhz onların vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkir. Lakin biz bu reaksiyanı görmürük. Həmsədrlər bu bəyanatlara reaksiya verməyə borcludurlar. Onlar bu bəyanatları yoxlamalı və ilk reaksiyanı verməlidirlər. Əks halda, Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşə bilər. Yekunda, biz beynəlxalq müşahidəçilərin reaksiyasını görməsək, o zaman yeni müharibəyə hazırlığın şahidi olacağıq".
 
"Bu hadisə Bakının həmsədr ölkələrlə bağlı haqlı olduğunu göstərdi"
 
Trofimçuk Paşinyanın arxasında dayanan qüvvələrə Qarabağda yeni müharibənin başlanması sərf etdiyini də söyləyib: "Mənə elə gəlir ki, bu bəyanatla Ermənistan Azərbaycanı müharibəyə çəkmək istəyir. Deyim ki, bu, Ermənistan-Azərbaycan müharibəsi deyil, bütün regionun müharibəsi olacaq. Ona görə də, burada beynəlxalq müşahidəçilərin reaksiyası çox önəmlidir. Azərbaycan uzun illərdir, həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını istəyir. Minsk Qrupu həmsədr ölkələrinin tərkibi Bakını qane etmir. Paşinyanın bəyanatına həmsədr ölkələr tərəfindən reaksiyanın verilməməsi göstərdi ki, Bakının bu mövqeyi əsaslıdır, Azərbaycan bu mövqeyində haqlıdır".
 
"Ermənistan hakimiyyətinin münaqişə ilə bağlı strategiyası anlaşılan deyil"
 
"Rusiya isə Qarabağda yeni müharibənin başlanmasını istəmir. Ümumilikdə region ölkələrinin heç biri müharibə istəmir. Regiondan kənar güclər isə Qarabağda yeni müharibənin başlanmasının tərəfdarıdır. Rusiya maksimal dərəcədə səy göstərir ki, Qarabağ münaqişəsi radikallaşmasın. Lakin biz indi tamam ayrı mənzərənin şahidi oluruq. Dondurulmuş münaqişə yavaş-yavaş əriməyə başlayır. Azərbaycan danışıqlar prosesində konkretlik tələb edir, torpaqlarının qaytarılmasını istəyir. Yaranan bütün sualları həmsədrlərə istiqamətləndirməliyik. Moskvanın bu məsələdə mövqeyi dəyişməzdir. Rusiya münaqişənin diplomatik siyasi yolla həllini istəyir. Kremlə görə bu münaqişənin digər metodlarla həlli mövcud deyil. Lakin Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyası Rusiya rəhbərliyi üçün də anlaşılan deyil. Kreml Ermənistandan həm ölkə daxilində, həm də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hadisələrlə bağlı konkret mövqe gözləyir", - deyə rusiyalı politoloq vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...