Azərbaycanın işğal edilmiş torpaqlarının hərbi yolla azad edilməsi son vaxtlar Ermənistanın təxribatları fonunda aktuallaşan məsələlərdən biridir. Bəzi siyasilər hesab edir ki, rəsmi İrəvanın işğalçılıq siyasətindən imtina etməməsi, öz həyasızlığını davam etdirməsi ölkəmizə müharibədən başqa yol qoymur.
Eurasia Diary-nin məlumatına görə, moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti yalnız Qarabağı deyil, tarixi Azərbaycan torpaqlarını da azad etməyə imkan verir:
“Ermənistan ordusundakı vəziyyət bizə məlumdur və bu barədə Azərbaycanın çox geniş məlumatı var. Düşmən ordusunda nizam-intizamın aşağı səviyyədə olması, onun texniki təchizatındakı çətinliklər, döyüş qabiliyyətinin aşağı olması və s. bilinən həqiqətlərdəndir. Azərbaycan ordusu isə dünyanın 50 ən güclü ordusu arasında yer alıb. Bu, o deməkdir ki, ordumuz düşmən ordusuna nəinki zərbə vura bilər, onu tamamilə çökdürə bilər. Bizim yalnız Qarabağı deyil, Azərbaycanın əzəli, tarixi torpaqları olan Zəngəzuru, Göyçəni də azad etmək gücümüz var.
Hesab edirəm ki, biz düşmənin hər addımını izləməkdə, onun hər bir zəifliyini təsbit etməkdə davam etməli və lazımi məqamda həlledici zərbə vurmağa hazır olmalıyıq”.