Sentyabrda kirayə evlər bahaşacaq - Ekspert | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Sentyabrda kirayə evlər bahaşacaq - Ekspert

Ekspert rəyi A- A A+

“Avqust-sentyabr aylarında kirayə evlərə tələbat yüksək olduğundan qiymətlərdə də artım müşahidə olunur”.

Eurasia Diary xəbər verir ki, bu barədə modern.az-a “MBA Konsaltiq və qiymətləndirmə” şirkətinin rəhbəri, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov danışıb. O qeyd edib ki, sentyabr ayının ortalarında tələb azaldığından qiymətlər də aşağı düşəcək:

“Bazarda qiyməti iki faktor tənzimləyir. Birincisi, tələb və təklif, ikincisi isə ümumi iqtisadi durumdur. Ölkə inkişaf etdikdə, bazarda pul mübadiləsi çox olanda, insanların sabaha inamı olanda, cəmiyyət pozitiv əhval-ruhiyyədə olanda qiymətlər də artıma meyilli olur. Amma əks hallar yaşananda qiymətlər aşağı düşür. 2015-2016-cı illərdə biz bunu müşahidə etdik. Qiymətlərin günün tələbinə cavab vermədiyini deməzdim. 2000-ci ildən bu günə qədər mənzillərin satış qiymətləri 6,4 dəfə artıb.  Buna uyğun olaraq, kirayə qiymətləri isə 2,6 dəfə yüksəlib. Bu o deməkdir ki, insanların kreditə əlçatanlığı yaxşılaşdığından ev almağa bir qədər rahatlıqla əl qoyurlar. Kirayə pulunu isə öz ciblərindən verməli olurlar deyə, bahalı evləri kirayə götürməkdən çəkinirlər. Kirayə qiymətləri insanların cibindəki pulla bağlıdır. Yəni insanların qazancı, cibindəki pulu çoxalanda kirayə evlərin qiymətləri də artır, azalanda isə qiymətlər düşür”.

N.İbrahimov qeyd edib ki, şəraiti zəif, qiyməti yüksək olan evləri vətəndaşlar kirayə götürməkdən çəkinsələr, kirayə qiymətləri müəyyən qədər tənzimlənə bilər:

“Bir nəfər evini kirayə verirsə, müştərilərin rəyini öyrənəcək. Bir nəfər gəlib bəyənməyəcək, ikinci bəyənməyəcək, artıq belə getsə, kirayə verən qiyməti məcbur olub endirəcək”.

Qeyd edək ki, hazırda Bakıda kirayə evlərin qiyməti kəskin şəkildə artıb. Bahalaşma yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin, xüsusilə ərəb turistlərin şəhərimizdə çox olması ilə əlaqələndirilir. Hazırda Bakının mərkəzi hissələrində, metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti daha yüksəkdir. 1 və 2 otaqlı, orta təmirli, müvafiq məişət avadanlıqları olan bu mənzillərin aylıq kirayəsi ən ucuz 350-400 manatdan başlayır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...