Son günlər Ermənistanda ən çox müzakirə edilən mövzulardan biri, Azərbaycanın dilbər guşələrindən biri olan Dərələyəz mahalında (Cermuk) yerləşən "Amulsar" mədəninin taleyidir. "Amulsar" mədənindən atılan tullantılar regionda ekoloji vəziyyəti gərginləşdirir və artıq illərdir ki, Ermənistanda əhali bu mədənin fəaliyyətinin dayandırılması üçün mübarizə aparır. Bu mədən qızıl mədəni kimi tanınsa da, mədənin yerləşdiyi ərazidə uran ehtiyatlarının olduğu da məlumdur. Dərələyəzdə ermənilərin Azərbaycan xalqına məxsus olan qızıllarının Britaniya şirkətlərinə satması bir yana dursun, ərazidə aşkarlanan uran ehtiyyatlarının istehsalı ancaq Ermənistanın deyil, Azərbaycanın da ekoloji təhlükəsizliyinə təhdid yarada bilər.
"Amulsar" mədəni haqda...
"Amulsar" mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, "Arpaçay" və "Vototan" çayları arasında yerləşir. Yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir.
“Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib. "Lydian" şirkətlər qrupunun səhmləri isə Britaniyaya məxsusdur.
2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb.
Mədənin işlənməsinə qarşı etirazlar 2011-ci ildə başlayıb. Bu etirazlarda ətraf yaşayış məntəqələrinin sakinləri və ekoloqlar iştirak edib. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Göyçə (Sevan) gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi:
“Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.
2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.
Elə həmin il Ermənistanın İstintaq Komitəsi ətraf mühitə ziyan vurulması şübhəsilə cinayət işi qaldırıb. Bütün sualların cavabını beynəlxalq ekspertiza verməli idi.
Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müsbət rəy verilərsə, "Amulsar" yatağı istismar olunacaq:
“Əgər istismarın Sevan gölü və Cermukun su sistemi üçün təhlükəsiz olduğu əsaslandırılsa, layihə həyata keçiriləcək. Amma təhlükə varsa, mən baş nazir kimi heç nədən asılı olmayaraq, onun istismarına icazə verə bilməyəcəm”.
Yekunda ekspertiza belə nəticəyə gəlib ki, mədənin işlənməsi “idarə olunmayan risk” daşımır. Yəni qızıl hasilatının bərpası üçün hökumətin qarşısında “yaşıl işıq” yandırılıb.
Paşinyana qarşı narazılıq artır...
"Amulsar" mədəninin yerləşdiyi əraziyə ən yaxın kəndlərdən biri olan Gudevaz kəndində içməli su böhranının yaşanması və Paşinyanın "Amulsar" problemində xalqdan tərəf olan mövqeyini dəyişməsi, ona qarşı narazılığın artmasına səbəb olub.
Qeyd edək ki, "Amulsar" məsələsi artıq Ermənistanda qeyri-siyasi hərəkata çevrilib. Baş nazir Paşinyanın “gah nala, gah mıxa” vurmasının səbəblərindən biri də məhz budur. Paşinyan bu dəfə iki yox, üç od arasında qalıb. Birinci od arxalandığı vətəndaşlardır. İnqilab zamanı Paşinyanı dəstəkləyən vətəndaşlar indi Qarabağ klanının vurduğu əsas ziyanlardan biri olan "Amulsar" mədənini bağlamağı tələb edir. İkinci od Brinatiya şirkəti olan “Lydian”dır. Qərb inevsisorlarının və beynəlxalq insitutların açıq şəkildə dəstəklədiyi “Lydian” Ermənistan hökumətindən bu məsələni qısa zamanda həll etməyi tələb edir. Belə ki, sonuncu dəfə vətəndaşlar etiraz əlaməti olaraq mədənə gedən yolu kəsmişdilər. Mədənin əlehinə aktiv təbliğatın aparılması mədənin fəaliyyəti üçün təhdid yaratmaqdadır. Bu isə britaniyalı səhmdarların heç ürəyincə deyil. Buna görə də Qərb strukturları hazırkı Ermənistan hökumətinə "Amulsar" yatağının istismar edilməsinin vacibliyini açıq şəkildə bildirib. Təkcə elə Nikol Paşinyana məktub göndərən Amerika Ticarət Palatasının (AmCham) Ermənistandakı şöbəsinin aktiv fəaliyyətini vurğulamaq kifayətdir. Məktubun mətnində açıq hədə var: "AmCham xəbərdarlıq edir ki, "Amulsar" ətrafındakı vəziyyət potensial investorlara birmənalı olaraq mənfi impulslar göndərir və Ermənistanı investisiya üçün cəlbedici olmayan bir ölkəyə çevirir”...
Üçüncü od Rusiyadır. Qonşuluqda qızıl var, uran var, ruslar olmazmı? 2008-ci ildə Ermənistanda uranın geoloji kəşfiyyatı üçün Ermənistan-Rusiya Mədən Şirkətinin (ARGK) yaradılması faktı da bu fikri təsdiq edir. "Rosatom" şirkətinin rəhbəri Sergey Kiriyenko 9 sentyabr 2008-ci ildə Ermənistana rəsmi səfəri zamanı bildirib:
“Ermənistanda uranın olması faktı ortadadır, bizdə onun həcminin müxtəlif qiymətləndirmələri də var. Söhbət təxminən 10 min və 30 min tondan gedir, amma bəzi nikbin proqnozlar isə bu dəyərin 60 min ton olduğunu göstərir”.
Müqavilə şərtlərinə əsasən, Ermənistanda hasil olunan uran filizi Rusiyaya ixrac edilməli və daha sonra Beynəlxalq Uran Zənginləşdirilməsi Mərkəzində - Anqarskda emal olunmalı idi. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) saytında təqdim olunan rəsmi məlumatlara görə, gözləntilərin doğrulmadığından, 2013-cü ilin sonunda şirkət bağlandı. Lakin Rusiya və Ermənistan arasında imzalanmış müqavilə hələ də qüvvədədir. Yəni, Ermənistan "Amulsar"dan uran çıxarırsa bunun üçün ruslarla hesablaşmalıdır…
"Amulsar" mədəni Azərbaycan üçün təhlükə yaradırmı?
Əvvəla onu deyək ki, Dərələyəz Azərbaycanın tarixi torpağıdır. Və Dərələyəzin ekologiyasına, flora və faunasına dəymiş və ya dəyəcək zərər Azərbaycana dəymiş hesab edilməlidir. Lakin məsələ sadəcə bununla bitmir. Bu mövzuda coğrafiyaçı alim Məsud Alməmmədli Eurasia Diary-ə verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib.
M.Alməmmədliyə görə Ermənistanın uran istehsal etməsi mümkün deyil:
“"Amulsar" təbii ki, ancaq qızıl mədəni deyil. Burada 30 min tona yaxın uran ehtiyatlarının olması ehtimalı edilir. Ermənistan hökuməti hələlik uran ehtiyatları barədə açıq danışmır. Amma ümumilikdə Emənistanın yerləşdiyi regionda kifayət qədər ciddi uran ehtiyatları mövcuddur. Lakin Ermənistan uran istehsal edə bilməz. Bunun üçün böyük pullar, maddi-texniki baza və əlverişli şəraiti olan ərazi lazımdır. Ermənistanın özündə bunların heç biri mövcud deyil. Yalnız Rusiya və ya başqa bir dövlətə məxsus şirkətlər bunu edə bilər, lakin bu da regiondakı təhlükəsizlik problemi diqqətə alındığı zaman o qədər də asan görünmür”.
M.Alməmmədli həmçinin "Amulsar"da uran istehsalının ciddi fəlakətlərə səbəb olacağını bildirib:
""Amulsar" Dərələyəz vilayətində iki kəndin arasında yerləşir. İki kəndin arasında uran çıxarılması çox ciddi ekoloji fəlakətlərə səbəb ola bilər. Baxın, dünyada ən çox uran ehtiyatı olan ölkə Avstraliyadır. Daha sonra Qazaxıstan və Rusiya. Bu ölkələrdə uran yataqları adətən yaşayış məntəqlələrindən, qəsəbələrdən yüzlərlə kilometr məsafədə yerləşir. Bunun səbəbi də aydındır: Vətəndaşların təhlükəsizliyini təmin etmək. Qeyd etdiyim kimi "Amulsar" yaşayış məntəqələrinə çox yaxın məsafədədir. Burada uran yatağı işlətmək mümkün deyil.
Uran hasili zamanı mədən minerallarını həll etmək üçün quyuya çox miqdarda sulfat turşusu və ya digər turşular tökülür. Bu ekstraksiya üsulu ilə turşu torpaqdan çıxaraq yeraltı su ilə qarışır. Nəticədə yeraltı sulara və onların keçdikləri ərazilərə ciddi zərər dəyir. Məsələn, "Amulsar" mədənindən axan çirkab sular Dərələyzdən keçən və Naxçıvanın ən iri çaylarından biri olan "Arpaçay"a da ciddi ziyan vurur. Son günlərdə Dərələyəz mahalında Gudavaz kəndində içməli su böhranının yaşanması bunun əyani subutudur. Belə ki, bu kəndin əsas içməli su mənbəsi "Amulsar" axıntıları nəticəsində ciddi zərər görmüş "Arpaçay"dır. Gələcəkdə burada uran istehsal edilməsi isə "Apraçay"ın və onun axdığı bütün ərazilərin radioaktiv maddələrlə çirkənməsinə gətirib çıxara bilər. Bu isə ekoloji böhran deməkdir”, – deyə M.Alməmmədli əlavə edib.
İstənilən radioaktiv maddə istehsalı çox zərərlidir və istismar dərəcəsindən asılı olaraq, bölgənin ümumi radiasiya fonu mütləq artır. Filiz yataqları nə qədər dərin olarsa, radioaktiv maddələrin qamma fəallığı bir o qədər güclü olar. Xüsusilə uran mədəni xərçəngə səbəb olan ağır və zərərli sənaye növüdür. Bütün bunları nəzərə alaraq Dərələyəzdə bir uran yatağının fəaliyyətinə göz yummaq Azərbaycan sərvətlərinin talanmasına və Azərbaycan xalqının təhlükəsizliyinin təhdid edilməsinə göz yummaq hesab edilməlidir.
Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov