"Məktəblilər gediş haqqından azad olunsun" - Təhsil ekspertindən TƏKLİF | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


"Məktəblilər gediş haqqından azad olunsun" - Təhsil ekspertindən TƏKLİF

Ekspert rəyi A- A A+

Təhsil eksperti Kamran Əsədov Nazirlər kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə və  Bakı Nəqliyyat Agentliyinə müraciət edərək, orta məktəb şagirdlərinin ictimai nəqliyyatda gediş haqqından azad olunmasını təklif edib.

Eurasia Diary xəbər verir ki, Kamran Əsədov bu haqda özünün sosial şəbəkə hesabında paylaşım edib: “Yeni tədris ili başlar-başlamaz çox ciddi bir məsələ gündəmə gəlib. Şagirdlərin gediş haqqı problemi.

Buradan Nazirlər kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə və  Bakı Nəqliyyat Agentliyinə müraciət edirəm: Orta məktəblərdə oxuyan şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı addım atın! Düzdür, 5 yaşdan yuxarı uşaqlar nəqliyyat xərci ödəməlidirlər. Bu qərar Nazirlər Kabinetinin qərarında da öz əksini tapır. Sadəcə olaraq, sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər. Çünki bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər”.

Təhsil eksperti Bakıda baş verən bir hadisəni də nümunə göstərib:

“Bu gün xoşagəlməz bir hadisə baş verib. BakıBus-un sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Bəli, bu onun vəzifə borcudur. Bəs insanlıq? Ana imkanı olmadığını bildirsə də sürücü onları avtobusdan düşürüb.

Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranmayın.

Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və bu kimi qurumlar elə günü bu gün avtobus sürücülərinə müraciət edəcək ki, şagirdlərdən gediş haqqı tələb olunmasın”.

Qeyd edək ki, Azərbaycanda 5 yaşdan yuxarı şəxslər üçün ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdir. Kamran Əsədovun nümunə göstərdiyi hadisəyə uyğun olaraq, ana və 3 övladının gündəliş gediş və dönüş haqqı 2 manat 40 qəpik təşkil edir. Həftəiçi məktəbə gediş və dönüşü hesabladıqda bu məbləğ aylıq minimum 50 manata bərabər olur.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...