“Suriya münaqişəsində iştirak edən ölkələrdən Rusiya müharibənin başa catdığını bildirsə də, bu münaqişə zonası hələ aktiv qalmaqdadır. Türkiyənin “İŞİD-in sonuna gəldik” deməsinə baxmayaraq, ABŞ bu bölgədə yenə də öz hərbi gücünü saxlayaraq yeni hərbi bazalar yaratmaqla məşğuldur və terrorçu dəstələrə təlim keçməkdə də davam edir”.
Bunu Eurasia Diary-ə politoloq Ramiyə Məmmədova bildirib.
Onun sözlərinə görə, hal-hazırda ABŞ Mardin, Nusayib və Balburut bölgəsində hərbi baza yaratmaqla məşğuldur.
“Bu bazaların ABŞ və İngiltərə əsgərləri tərəfindən birgə istifadə edəcəkləri bildirilmişdir, lakin burada həm də fransız əsgərləri görünür. Eyni zamanda, ABŞ YPG-nin davamı olan DSG-ya da bu arada silah ötürürməkdə davam edir. ABŞ, əsgərlərinin yaxın zamanda Suriyanı tərk edəcəklərini bəyan etsə də, o bir tərəfdən terrorçulara verdiyi dəstəklə regiondakı vəziyyətin gərgin qalmasına şərait yaradır və bu da o deməkdir ki, Türkiyə sərhədlərindəki terror qruplaşmaları mövcud olaraq qalacaqdır. Bu isə Türkiyəni hər zaman əldə saxlamağa silahdı. Yəni Türkiyənin hec bir zaman terrorla mücadiləsi bitməyəcək və bu da bu ölkəyə hər zaman iqtisadi və sosial baxımdan zərbə vurmaqda davam edəcək. Ankarada keçirilən Türkiyə-İran-Rusiya dövlət başçılarının üçlü zirvə görüşünün nəticəsinin də real heç nə vermədiyini nəzərə alsaq, Türkiyə bu məsələdə yalnız olduğunu çox gözəl anlayır. Yəni bu gün Suriya müharibəsi Suriyanın özündən sonra ən böyük zərbəni Türkiyəyə vurdu, qaçqınlar başqa ölkələrə deyil məhz Türkiyəyə üz tutdular və sinələrinə döyən ölkələr bu gün Türkiyəyə təsəlli verməyə çalışsalar da, lakin real heç nə etmirlər”.
R.Məmmədova hesab edir ki, Türkiyənin bu məsələdə artıq Suriya ilə real danışıqlara getməsindən başqa çarə qalmır.
“Bu gün real olaraq artıq Əsəd əsas gücü əlində toplamaga nail olmuşdur ki, bu da Türkiyənin Dəməşq rəhbərliyi ilə danışıq masasına oturmağa gətirir”, - deyə politoloq bildirib.
Vəfa VƏLİ