Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr palatasının üç üzvü - Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır.
Bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.
Qeyd edək ki, Cudi Çi konqresmenlər Ed Roys və Frenk Engel tərəfindən bir neçə il əvvəl irəli sürülən, guya təmas xəttində gərginliyi azaltmağa hesablanan və Azərbaycanın rədd etdiyi təkliflərin dəstəklənməsi üçün Dağlıq Qarabağdakı qondarma rejimə 4 milyon dollar ayrılması təşəbbüsünün müəllifidir. Həmin təşəbbüs bir ay əvvəl Nümayəndələr palatasında səs çoxluğu ilə qəbul edilib. Roys-Engel təşəbbüsünə əsasən təmas xəttindən snayperlər və ağır silahlar geri çəkilməli, atəşkəsin monitorinqini aparan müşahidəçilərin sayı artırılması, təmas xəttinə hər hansı yeni silahların yerləşdirilməsindən imtina edilməlidir.
Konqresmen Cudi Çinin təşəbbüsünə əsasən həmin 4 milyon dollar təmas xətti boyu xüsusi avadanlıqların yerləşdirilməsinə sərf olunmalıdır ki, atəşkəs rejimini kimin pozduğunu müəyyənləşdirməyə kömək etsin. Yəni, söhbət əslində ermənilərə videomüşahidə qurğularının, teplovizorların alınıb verilməsindən gedir ki, işğalçı qüvvələrin belə qurğulara son illərə qədər çox ciddi ehtiyacı vardı.
Konqresmen Cudi Çi habelə Dağlıq Qarabağdakı qondarma rejimə 6 milyon dollar birbaşa ABŞ yardımının ayrılmasına çalışır.
Konqresmen Frenk Pallone isə deyib ki, Ermənistana “məxməri inqilabdan” sonra ilk səfərləri olacaq və burada məqsəd yeni hökumətə dəstək verməkdir. Ermənipərəst Pallonenin sözlərinə görə, Dövlət Departamenti onlara səfər zamanı Dağlıq Qarabağa baş çəkməkdən çəkinməyi tövsiyə edib. Amma nümayəndə heyəti bu səfəri etməyi qərara alıb.
ABŞ konqresmenlərinin Dağlıq Qarabağa edəcəyi qeyri-qanuni səfərlə bağlı amerikalı politoloq Piter Teys öz fikirlərini Eurasia Dairy ilə bölüşüb.
Politoloq belə hesab edir ki, ABŞ konqresmenlərinin bu səfərinə beynəlxalq ictimaiyyət səssiz qalmamalıdır.
“Bu səfəri təşkil edilənlərin erməni lobbisi ilə sıx əməkdaşlıq edən şəxslər olduğu məlumdur. Bundan bir ay əvvəl də sözügedən konqresmenlər Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycan əlehinə düzəlişlərin parlamentdə qəbul edilməsinə nail olmuşdular. İndi də sözügedən konqresmenlər Ermənistan tərəfindən işğal edilmiş və hüquqi baxımdan Azərbaycan ərazisi olan torpaqlara səfər etməyi planlaşdırır. Belə hesab edirəm ki, Azərbaycan hökuməti bu şəxsləri “persona non-qrata” elan etməlidir və rəsmi Bakı ABŞ səfirliyinə etiraz məktubu göndərməlidir. Həmçinin konqresmenlərin Qarabağa səfər etməsi sadəcə Azərbaycan tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən də qınanılmalıdır”.
Amerikalı ekspert konqresmenlərin Dağlıq Qarabağa səfər etməsinin ABŞ-Azərbaycan münasibətlərinə zərər vura biləcəyini bilidib:
“Əfsuslar olsun ki, sözügedən ABŞ konqresmenləri Amerikadakı erməni icmasının dəstəyini qazanmaq üçün beynəlxalq hüququ pozur. Onların Dağlıq Qarabağda təşkil etdikləri görüş Vaşinqton və Bakı arasında ikitərəfli dialoqa ciddi zərər vura bilər”.
ABŞ-da hazırkı administrasiya əvvəlkinə nisbətən Dağlıq Qarabağ probleminə daha çox diqqət ayırır. Bundan savayı Azərbaycan hökuməti milli imicini və iqtisadi-diplomatik təşəbbüslərini beynəlxalq səhnədə gücləndirir. Ermənistan tərəfindən sülhü və sabitliyi pozacaq istənilən addıma qarşı düşünürəm ki, Azərbaycan hazırlıqlıdır. Cənab İlham Əliyev Cənubi Qafqazda sülh və regional sabitliyi qorumaq üçün unikal idarəçilik bacarıqlarına sahibdir”- deyə P.Teys əlavə edib.
Nicat İSMAYILOV