"Gözlənildiyi kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsindəki görüşü nəticəsiz qaldı. Çünki görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirdi. Ancaq bu insident olmasaydı belə görüşdən nəticə çıxmayacaqdı, onsuz da hər il xarici işlər nazirlərinin Nyu-Yorkdakı ənənəvi görüşlərindən nəticə çıxmır".
Eurasia Diary xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zoqrab Mnatsakanyan arasında keçirilən görüşü şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan XİN-nin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir:
"Birinci cümlədə deyilir: “Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”. Yəni hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır.
İkinci cümlədə deyilir: “Mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”. Yəni nazirləri görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir.
Beləliklə, bir daha təsdiq olunur ki, görüş xatirinə görüş imitasiya xarakteri daşıyır və bu Azərbaycanın maraqlarına cavab vermir. Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdılar, əsl həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun uzanmasına çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddət imtina və ya fasilə vermək barədə düşünməlidir. Bu beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər".
Vəfa Vəli