DÇ-2018-in seçmə və pley-off mərhələsinin Avropa zonasında ən çox qol vuran və assist edən futbolçularının yekun siyahısı açıqlanıb.
Seçmə mərhələni Polşa millisinin hücumçusu Robert Levandovski 16 qolla bombardir kimi başa vurub. Ondan 1 qol geri qalan Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ikinci, Kristian Eriksen (Danimarka) və Romelu Lukaku (Belçika) hərəyə 11 qolla 3-4-cü pillələrdə qərarlaşıblar.
Seçmə mərhələdə ən çox assist edən futbolçu Almaniya millisinin yarımmüdafiəçisi olan Coşua Kimmix olub. Gənc futbolçu 9 qol ötürməsi verib. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tomas Münyenin (Belçika) aktivlərində 7 assist var.
Seçmə mərhələdə iştirak edən millimizin heyətində ən yaxşı göstərici Əfran İsmayılova məxsusdur. "Qarabağ"ın yarımmüdafiəçisi tsikldə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.(qafqazinfo.az)