"Real Madrid" klubunun postuna yenidən təyin olunan Zinəddin Zidan klubun heyətini gücləndirmək üçün yay transfer pəncərəsinə artıq indidən oyunçu seçiminə başlayıb.
Son zamanlar Eden Hazardın transfer məsələsində adı hallanan Zidan bu istəyini gerçəkləşdirmək niyyətindədir. Madrid klubunun qapıçısı Tibo Kurtua da bu keçidə müsbət yanaşıb. Keçmiş komanda yoldaşı ilə yenidən bir yerdə oynamağı istədiyini bildirib.
Artıq bir neçə ildir "Real" ilə adı hallanan Eden Hazard keçən mövsüm Stemford Bricdə qalmağı üstün tutdu. Bu il daha da geniş vüsət alan transfer xəbərlərinə Belçika millisinin hücumçusu Hazard belə münasibət bildirib: "Hələlik heç bir danışıq yoxdur."
Bununla belə, Realın baş məşqçisi Zidan "Lion"un ulduzuna çevrilən Tanquy Ndombeleni 43 milyon funt-sterlinq qarşılığında transfer edəcəyini bildirib. Fransanın "AS" idman qəzeti bildirir ki, Ndombele "Real"ın yarımmüdafiə xəttinə uyğun oyunçudur.
Həmçinin, bundan əvvəl Zinəddin Zidanın Qaret Beyli yayda klubdan göndərəcəyi açıqlanıb.