Mən inanmıram ki, Azərbaycan futbol ictimaiyyətində kimsə "Neftçi" komandasından belə bir addım gözləsin. Ümid edirəm ki, bu gözlənilməz addımın “Neftçi” cəbhəsinə görə əsaslı səbəbləri var.
Bu sözləri “Qarabağ” komandasının mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Neftçi"nin Ağdam klubu ilə matçda biletlərin qiymətini 50 manat etməsi ilə bağlı açıqlamasında deyib.
Biletlərin qiymətinin qonaq komanda azarkeşlərinə 50, “Neftçi” azarkeşlərinə isə 1-2 manat arası olması haqda yayılan xəbərə isə Nurlan İbrahimov bu cavabı verib:
“Əgər komandanın rəsmi səhifəsində biletlərin ümumi qiyməti 50 manat qeyd edilibsə, mən inanmıram ki, burda ev sahibi azarkeşlərə fərqli, səfər komandası azarkeşlərinə fərqli qiymət təyin edilsin".
Qeyd edək ki, artıq çempionluğunu elan etmiş "Qarabağ" çempionatın son matçında bu gün "Neftçi" ilə qarşılaşacaq. "Neftçi"nin rəsmi Feysbuk səhifəsi matçın biletlərinin 50 manat olduğunu açıqlayıb.