"Azərbaycandakı azarkeşlərimizin bizi dəstəkləmək imkanı olacaq" - David Luis | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


"Azərbaycandakı azarkeşlərimizin bizi dəstəkləmək imkanı olacaq" - David Luis

İdman A- A A+

“Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə apardıq. Bu, bizim əsas tapşırığımız idi”.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu David Luis Londonun digər təmsilçisi “Arsenal” ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə danışarkən deyib.

32 yaşlı braziliyalı müdafiəçi “zadəganlar”ın Bakıdakı fanatlarının onları dəstəkləyəcəyini söyləyib: “Böyük klubuq və bütün dünyada azarkeşlərimiz var. Azərbaycandakı azarkeşlərimizin finalı canlı izləmək və komandanı dəstəkləmək imkanı olacaq. Titul qazanmaq imkanı bizi və “Arsenal”ı əla motivasiya edir. Böyük klubu təmsil edirsənsə, təzyiqdən heç yerdə gizlənə bilmərsən. “Çelsi” – nəhəngdir və təzyiq hiss edir. “Arsenal” da həmçinin. Titulu qazanmaq şansımız var. Təzyiqdən xoşun gəlmirsə, böyük klubda oynama”.

D.Luis bildirib ki, çox əla mövsüm keçiririblər. O, finalda qalib gələ bilməyəcəkləri təqdirdə, “Çelsi”dən qovulacağı gündəmdə olan baş məşqçi Mauritsio Sarriyə dəstək verib: “Çempionatda yaxşı başlamışıq və hər kəs deyirdi ki, Premyer Liqada qızıl medal uğrunda mübarizə aparacağıq. Ancaq sonradan eniş yaşandı. Liqa Kubokunun finalına çıxsaq da, orada penaltilər seriyasında “Mançester Siti”yə uduzduq. “Liverpul” və “Mançester Siti”nin ardınca Çempionlar Liqasına vəsiqə qazandıq. İndi isə bizi Avropa Liqasının finalı gözləyir. Finalda hər şey ola bilər. Ancaq istənilən halda, baş məşqçimiz yaxşı iş gördü. Baş məşqçimiz öz fəlsəfəsini, düşüncə və oyuna baxışını bizə öyrətməyə çalışır. Bu, onun işinin bir hissəsidir. O, futbolu necə gördüyünü göstərməlidir. Hər şeyi bildiyini fikirləşirsənsə, səni böyük məyusluq gözləyir. Hər gün öyrənməli və mükəmmələşməyə çalışmalıyıq”.

Braziliya millisinin üzvü hazırda “Arsenal”ın qapısını qoruyan sabiq komanda yoldaşı Petr Çexdən də danışıb: “Petr Çex möhtəşəm oğlan, əla insandır. İndiyə qədər birgə oynadığım ən yaxşı futbolçudur. Fantastik dərəcədə peşəkardır. Onunla birgə “Çelsi”də oynamaq əla idi. Karyerası ərzində iki dəfə avrokubokun qalibi olub. Hər şeyin ən yaxşısına layiqdir.Karyerasında və şəxsi həyatında ona uğur arzulayıram. Bircə final oyunundan başqa”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...